gundemxeber.az Sumqayıt Dövlət Universitetində (SDU) Yadigar Hüseynovun rektor kürsüsünə sahiblənmək məqsədilə törətdiyi intriqaların ardı kəsilmək bilmir. Mövzu ilə bağlı ötən saylarımızda dərc olunmuş materiallarda biz göstərmişdik ki, müxtəlif instansiyalara şikayətlə müraciət edən tələbələr universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələrin irəli sürüldüyünü iddia edirlər. Məlumatlarda bildirilir ki, rüşvətxorluğun kök saldığı bir çox ali məktəblərdə olduğu kimi burada da pul yığımları üçün əsas bəhanə sessiya imtahanlarıdır. Qəzetimizin ötən saylarında biz bu universitetdə baş verən qanun pozuntularına dair SDU-nun daxilində olan mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış bir neçə material dərc etmişdik. Lakin elə həmin mənbələr də təsdiq edirlər ki, universitet rəhbərliyində tənqidə qarşı immunitet çoxdan yaranmışdır. Lakin bu ali tədris müəssisəsində rüşvətxorluq heç də baş verən yeganə korrupsiya halı deyil. Sumqayıt Dövlət Universitetində yaşanan problemlərdən biri də rektor Nadir Qəhrəmanov tərəfindən israrla həyata keçirilən “qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir. Məlumatlarda bildirilir ki, Nadir Qəhrəmanov universitetə rektor təyin edildikdən sonra ilk olaraq qardaşı Rəşid Qəhrəmanovu “Ümumi Kimya” kafedrasına müdir təyin etmişdi. Növbəti təyinat isə universitetdə ümumiyyətlə böyük təəccüb və anlaşılmazlıqla qarşılanmışdı. Belə ki, rektor orta məktəbdə riyaziyyat müəllimi işləyən Polad adlı daha bir qohumunu universitetin “Riyaziyyat” kafedrasına müdir təyin etmişdi. N.Qəhrəmanovun kadr siyasətinə dair daha bir maraqlı məlumatda isə qeyd olunur ki, rektorun gəlini A.İsmayılzadənin adı SDU-da dosent kimi getsə də, əslində o, Bakıda yerləşən modalar evinə rəhbərlik edir. Mövzu ilə bağlı digər informasiya vasitələrində yayımlanan məlumatlarda isə göstərilir ki, N.Qəhrəmanovun oğlu, qızı və kürəkəni də SDU-da çalışırlar və həm də onlar universitetə testdən kənar üsullarla qəbul ediliblər. Məlum olduğu kimi bu ali təhsil müəssisəsində gedən proseslər ölkənin bir çox informasiya vasitələri tərəfindən diqqətlə izlənilir. Bir tərəfdən SDU-da yer almış “adi” korrupsiya halları, digər tərəfdən isə universitet daxilində aparılan intriqalar baş verənlərin müzakirələrə çıxarılması ilə yanaşı, müəyyən məqamların araşdırılmasını da maraqlı edir. Biz artıq qeyd etmişdik ki, SDU-da həyata keçirilən pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən iki şəxsə-universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynova və qiyabi təhsil üzrə prorektor Qafar Ramazanova həvalə olunmuşdur. Digər tərəfdən isə bəzi mənbələr də iddia edirlər ki, əslində bir çox mövcud problemlər müəyyən universitetdaxili qüvvələrin ciddi səyləri ilə süni surətdə yaradılır. Məqsəd isə məhz SDU-nun rektoru Nadir Qəhrəmanovu nüfuzdan salmaq və son nəticə etibarı ilə onun tutduğu vəzifədən kənarlaşdırılmasına nail olmaqdır. Universitet əməkdaşlarının bir çoxu isə bu qüvvələrin məhz Yadigar Hüseynov tərəfindən istiqamətləndirildikləri fikrini də dəstəkləyirlər. Bildirilir ki, öz məqsədlərini həyata keçirmək üçün artıq uzun müddətdir ki, fəaliyyət göstərən Yadigar Hüseynov universitet daxilində kifayət qədər dəstək əldə edə bilmişdir. Bütün bu qarşıdurma və intriqaların arxasında isə Yadigar Hüseynovun öz karyera yüksəlişinin növbəti pilləsi kimi məhz SDU-nun rektor kürsüsünü hədəfə alması durur. Amma ümumi rəyə görə, nəticə etibarı ilə universitetdə baş verən bütün qanun pozuntularına görə əsas məsuliyyəti rektor Nadir Qəhrəmanov və prorektor Yadigar Hüseynov birgə daşıyırlar. Hətta belə bir ehtimal da istisna olunmur ki, SDU-da rəhbərliyin özbaşnalıqlarına qarşı çıxan müəyyən qüvvələrin və lk növbədə burada fəaliyyət göstərən “Rüşvətsiz Təhsil Hərakatı”nın üzvlərini aşkar etmək məqsədilə N.Qəhrəmanov və Y.Hüseynov qəsdən münasibətlərində gərginlik olduğuna dair rəy yaratmaq istəyirlər. Hər halda aydındır ki, Qəhrəmanov-Hüseynov tandeminin birgə fəaliyyəti Sumqayıt Dövlət Universitetinin nüfuzuna ağır zərbələr vurmaqla, bu təhsil ocağını aşkar tənəzzülə məhkum edir...
Sorğu
Yeni dizaynımız necədir?