Bakı Apellyasiya Məhkəməsində “Kamran” MMC-nin vəzifəli şəxslərinin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə işin baxışdan çıxarılmasına qərar verilib. Belə ki, protokola dair qeydlərə və apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev və digər təqsirləndirilən şəxslər German Hüseynov və Rüfət Nağıyev Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyev isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham olunurlar.
“Kamran” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın bacısı Quliyeva Gülnar Mikayıl qızının etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunur.
“Kamran” MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Kamran” MMC-nin rəhbəri Ələkbər Babayev 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, əmlakı (3 mərtəbəli evi) müsadirə olunmaqla 14 il müddətinə, German Hüseynov əmlakı müsadirə olunmaqla, 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Süleyman Əliyevin 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Kənan Quliyev 2 il sınaq müddəti təyin olunmaqla 6 il 25 gün şərti, Rüfət Nağıyev 3 il sınaq müddəti təyin olunmaqla, 3 il müəyyən vəzifə tutmaqdan mərhum edilməklə 10 il şərti azadlıqdan mərhum etmə cəzasına məhkum ediliblər.
Məhkəmə hökmündə mülki iddiaların təmin olunması, müsadirə olunan əmlakların iddiaçılar arasında bölünməsi, “Kamran” MMC-yə məxsus bina üzərindən həbsin götürülməsi məsələsi də öz əksini tapıb.
Sorğu
Yeni dizaynımız necədir?