"Kameradan baxdım ki, maşından yerə yıxılanda əynində olan köynək cırıq-cırıq olub"
Bir neçə gündür hamının danışdığı Metronun “Gənclik” stansiyasında bələdçi işləyən Günay Məmmədovanın atası qızının öldürüldüyünü iddia edib. Mərhumənin atası Hüseyn Məmmədov publika.az-a açıqlamasında qızının nişanlısı Rabil Rzayevi ittiham edib:
"Yolda quraşdırılan kameradan baxmışıq. Necə var elə də danışıram sizə. Hadisə avqustun 30-da saat 20.27 radələrində olub. Deməli, Günayı evə gətirəndə maşında 4 nəfər olublar. Maşın hərəkət edə-edə qızımı itələyib maşından yerə atıblar. Sağdan gələn X5 markalı maşın da üstündən keçib. Kameradan baxdım ki, maşından yerə yıxılanda əynində olan köynək cırıq-cırıq olub. Deməli, yolda əməlli-başlı dalaşıblar. O, 4 nəfər kimdir bilmirəm. Hətta Günayın əlində onlardan birinə məxsus mühafizəçi vəsiqəsi olub. Onun nişanlısının bu qədər vicdansızlığını ağlıma da gətirə bilmirəm. Ən azından bunu Azərbaycan polisinin adına yaraşdırmıram. Mənə oradan zəng edib bir kəlmə desəydi ki, belə hadisə eləmişəm bilməmişəm, əsəbi olmuşam, mən onu bağışlayardım. Amma mənim indi ona nifrətim böyükdür. Çünki qızım belə olmamalı idi. Onu nişanlısı ilə yola salmışdım, nişanlısı ilə də evə qayıtmalı idi. Mən bu işi belə qoymayacağam. Mənə ən çox təsir edən odur ki, balamı müsəlman adəti ilə dəfn edə bilmədim. Mən onu sellofana büküb basdırdım. Balam məsciddə yuyulmadı, yəni yuya bilmədilər. Əti parça-parça idi. 4 gündür nişanlısının telefonuna zəng çatmır. Hadisə baş verən gün o oğlan cənazənin qulpundan yapışmadı".
H. Məmmədov qızı və nişanlısı arasındakı problemin Günayın birinci evliliyi ilə bağlı olması haqqında deyilən fikirlərə də münasibət bildirib:
"Günay cəmi bir neçə ay evli olub. Qaldı ki, problemin onun ayrılması məsələsi olmasına, əgər bilsəydim ki, səbəb budur tədbir görərdim. Lap nişanı qaytarmağa razılıq verərdim. Amma Rabilin qızımı belə vəhşiliklə öldürməsinə bir ad verə bilmirəm. Yalnız onu bilirəm ki, qızımı Rabil qəsdən öldürdü. Onun yarım saata gəlişi 1 saat çəkdi. 1 saatdan sonra asfaltdan onun parçalarını yığdım".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?