Müdafiə naziri Seyran Ohanyan birr həftə davam edəcək irimiqyaslı təlimləri izləmək üçün bölgəyə gedib
Bir erməni əsgərinin öldürülməsi, birinin yaralanması ilə müşaiyət olunan insidentdən sonra Ermənistan ordusunun hissələri Naxçıvanla sərhəd boyu irimiqyaslı hərbi təlimlərə başlayır.
Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, Naxçıvanla sərhəd boyu dislokasiya olunmuş hərbi hissələrin operativ-taktiki təlimlərinə Ermənistan ordusunun Baş qərargah rəisi, general Yuri Xaçaturov şəxsən komandanlıq edəcək.
Hərbi təlimləri izləmək üçün sentyabrın 5-də axşam saatlarında müdafiə naziri Seyran Ohanyan da bölgəyə gedib. Hərbi təlimlərə bütün növ qoşun birləşmələri cəlb edilib.
Təlimlər yeddi gün davam edəcək.
Ermənistan Müdafiə Nazirliyi təlimlərə iri qüvvə və vasitələrin cəlb edildiyini, əsasən əks hücum əməliyyat ssenarisinin sınaqdan keçiriləcəyini bildirib.
Bir neçə gün əvvəl Ermənistan ordusu Naxçıvanla sərhəddə bir əsgərini itirib, biri isə yaralanıb. Düşmən ordusunun Naxçıvanla sərhəddə güc nümayişinin bu insidentlə bağlı olub-olmadığı məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?