Mərhum şairimiz Əli Kərimin oğlu, Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini işləmiş Orxan Kərimov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə bildirilir:
- Möhtərəm cənab Prezident !
Sizin böyük humanistliyiniz nəticəsində mən 1 il əvvəl ədalətsiz həbsdən azad edildim və çox ciddi ehtiyac duyduğum ürək əməliyyatı keçirməyimə şərait yarandı. Bütün bunlara görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm.
Ancaq böyük təəssüflə qeyd etməliyəm ki, mənə qarşı olan qərəzli münasibət və tamamilə əsassız, heç bir sübuta əsaslanmayan cinayət işi hələ də qüvvədədir. Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində ədalətsiz qərar qəbul edilərək, mənə şərti cəza verilib. Hazırda isə şikayətimə əsasən bu məsələyə Bakı Apelyasiya Məhkəməsində baxılır. Bu məhkəmə instansiyasında da ədalətli qərar veriləcəyinə çox az ümidim var.
Tamamilə günahsız olduğumu və faktiki şərləndiyimi sübut etmək üçün sadəcə bir neçə arqumenti diqqətinizə çatdirmaq istəyirəm: Mən ittiham olunduğum maddələrin ( 308 və 311 ) ümumiyyətlə subyekti deyiləm. Yəni tələbə köçürmələrinə səlahiyyəti olmayan şəxsə belə ittihamın verilməsi hüquqi nonsensdir. Bəlkə də hüquq tariximizdə ilk “praktikadır”.
“Cinayətin” baş verdiyi , “rüşvət “ alındığı dövrdə (avqust 2009 ) , mən ümumiyyətlə Azərbaycanda olmamışam və bu barədə Dövlət Sərhəd Xidmətinin arayışı da var.
Cinayət işində qanunsuz tələbə köçürmələrinə aid ciddi rəsmi sənədlər var. Bu sənədlərdən də aşkar bilinir ki, mənim bu işlərə heç bir aidiyyatım yoxdur. Nə qədər təəccüblü olsa da , bu sənədlərə nə istintaq, nə də məhkəmə hüquqi qiymət verməmişdir.
Hüquqi cəhətdən tam sübut olunub ki, özünü mənim adımla təqdim etməklə bir şəxs Təhsil Nazirliyinin binasında uzun müddət müxtəlif insanlardan pul toplayaraq qanunsuz tələbə köçürmələri ilə məşğul olmuşdur. Məhkəmədə çoxsaylı şahid ifadələri ilə bu məsələ tam təsdiq edilmişdir. Ancaq onun buna necə nail olmasına da qiymət verilməmişdir. Ən əsası isə hətta bundan sonra da mənə qarşı ittiham yenə də dəyişməmişdir.
Mənim günahsızlığımı sübut edən onlarla belə faktlar mövcuddur. Ancaq təəssüf ki, müvafiq qərar verən şəxslər bu faktları “görmürlər”. Müxtəlif instansiyalara ünvanladığım müraciətlər isə cavabsız qalmışdır.
Möhtərəm cənab Prezident !
Siz yüksək alicənablıq göstərərək mənim həbsdən azad edilməyimlə bağlı qərar verəndən sonra düşünürdüm ki, bundan sonra mənə qarşı qərəzli münasibət bitər. Ancaq təəssüf ki, belə olmadı.
Mənimlə bağlı məsələyə ədalətli baxılmasına köməklik etməyinizi Sizdən xahiş edirəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?