Mərhum jurnalist Elmar Hüseynovun atası Sabir Hüseynov “Media forum” saytına danışıb. O deyib ki, qətlin istintaqında yeni heç nə yoxdur: “Maraqlanan da yoxdur. İşi ört-basdır etdilər. Vaxtında çox yerə get-gəl elədim. Axırda gördüm boş-boşuna gedib-gəlməyin mənası yoxdur.
Deyirlər guya qatillər Gürcüstandan gəlib Elmarı öldürüblər. Bunların hamısı nağıldır. Bu işdə hakimiyyətin rolu var. Elmarın qətlini Azərbaycanda təşkil ediblər.
Cinayətin üstündən 8 ildən çox keçib. Vaxt gələcək, bu iş hökmən aydınlaşacaq. Allahdan bir arzum var ki, mənə cinayətin üstü açılana qədər ömür versin. Ölümdən qorxmuram. Elmardan sonra nə qorxu?
Elmar universiteti bitirəndən sonra 4 il Rusiyada işlədi. Azərbaycana gəlmək istəmirdi. Günah məndə oldu ki, onun Azərbaycana gəlməsini istədim. Orada zavod direktoru işləyirdi, normal yaşayışı da var idi. Böyük səhv etdim”.
Sabir Hüseynov oğlunun ailəsi ilə əlaqələrinin olmadığını deyib: “Gəlin nəvəmi də götürüb Norveçə getdi, əlaqələri kəsdi. Bəlkə də cinayətin üstü açılsa, onlar Azərbaycana qayıdarlar. Aslan üçün Bakıda ikiotaqlı ev saxlamışam. Nə vaxt gəlsələr, həmin mənzil onlarındır”.
1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov İnşaat Mühəndisləri Universitetini bitirib. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan Elmar Hüseynov daha sonra “Monitor” jurnalını təsis edib. Jurnal əvvəl ayda bir dəfə, sonra həftədə bir dəfə nəşr olunub.
Elmar Hüseynov 2005-ci ildə Bakıda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.
Mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?