"Biz jurnalistlər Azərbaycan hakimiyyətindən seçki öncəsi jurnalistlərə qarşı təzyiqləri dayandırmağı və Pərviz Həşimlini dərhal azad etməyi tələb edirik" Bir qrup jurnalist həbs olunun "Bizim Yol "qəzetinin əməkdaşı, "Moderator.az" saytının baş redaktoru Pərviz Həşimlinin müdafiəsinə qalxıb. Jurnalistlər bəyanat yayaraq həmkarlarının həbsini qanunsuz olduğu ilə bərabər onun hakimiyyət nümayəndələrini daim tənqid edən yazıları ilə bağladıqlarını vurğulayıblar. Bəyanatda deyilir: "Sentyabrın 17-də onun evində axtarış aparılarkən bir neçə jurnalist həmkarımız da olay yerində olub. Həmin vaxt MTN-nin işçiləri Pərviz Həşimlinin xanımına, 5 yaşlı uşağına, qohumlarına və ora gələn hüquq müdafiəçisi, jurnalistlərə qarşı kobud davranıb, onları hədələyib. MTN-nin işçiləri P. Həşimlinin xanımı İlahə Həşimovanı həyətdəki tikiliyə aparıb oradakı qumbaraları çıxarmağı tələb edib. Qadın bildirib ki, o qapını açıq qoyub gedib, kim bağlayıbsa, qapını açsın. MTN işçisi ona deyib ki,” qapını açıq qoysaydıq deyəcəkdiniz ki, qapı açıq olub kimsə bu qumbaraları ora yerləşdirib”. Bu ifadələr də MTN –in Pərviz Həşimlini şərləyərək həbs etdiyini göstərir.
Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb. Sentyabrın 18-də Səbail Rayon Məhkəməsi P.Həşimli barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Biz jurnalistlər bu həbsi seçki öncəsi söz azadlığına təzyiq kimi qiymətləndiririk. P. Həşimlinin məhkəməyə başına qara torba keçirməklə gətirilməsini insan hüquqlarına qara ləkə hesab edirik.
Pərviz Həşimlinin vəkili Elçin Sadıqov artıq ikinci dəfədir ki, müdafiə etdiyi şəxslə görüşə bilmir. O, hər dəfə MTN-nin İstintaq Təcridxanasında Pərviz Həşimli ilə görüşmək istəyir, amma müstəntiqin jurnalistlə görüşdüyünü deyərək vəkilə görüş vermirlər. P. Həşimli vəkilinin iştirakı olmadan dindirilir ki, bu da qanun pozuntusudur. Biz hesab edirik ki, jurnalist MTN –də işgəncələrə məruz qalır. Bu səbəbə görə də vəkilin onunla görüşməsinə imkan verilmir. P. Həşimli məhkəməsində də bildirmişdi ki, saxlanılan zaman MTN-də 3 saat müddətində ona işgəncə veriləcəyi ilə bağlı hədələnib. O , Ombudsman Aparatının sədri Elmira Süleymanovanın və İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun onunla görüşməsini xahiş edib.
Biz jurnalistlər Azərbaycan hakimiyyətindən seçki öncəsi jurnalistlərə qarşı təzyiqləri dayandırmağı və Pərviz Həşimlini dərhal azad etməyi tələb edirik. Beynəlxalq təşkilatları bu məsələni diqqətdə saxlamağa çağırırıq".
Sorğu
Yeni dizaynımız necədir?