40 gündür ki, jurnalistlə bağlı heç bir istintaq hərəkəti aparılmır “Bizim Yol” qəzetinin əməkdaşı, hazırda həbsdə olan Pərviz Həşimlinin sağlıq durumu pisdir. Bu barədə onun vəkili Yalçın İmanov məlumat verib. Dekabrın 26-da MTN-in istintaq təcridxanasında saxlanılan P.Həşimli ilə görüşən Y.İmanov bildirib ki, diş ağrısından əziyyət çəkdiyi üçün MTN-in poliklinikasında onun ağrıyan dişini çəkiblər. Bundan başqa, jurnalistin ürəyində də ağrılar yaranıb.
Saxlanma şəraiti, narahatçılıqları, ona qarşı olan münasibət və s. problemlər üzündən mənəvi-psixoloji durumunda və səhhətində problemlər var. Digər bir narahatçılığı isə istintaqın ləng aparılmasındandır. Vəkil bildirib ki, 40 gündən artıqdır ki, heç bir istintaq hərəkəti aparılmır və işin nə vaxt yekunlaşacağı bilinmir. Bundan başqa, P.Həşimlinin ailəsi ilə görüşə və telefon əlaqəsi yaratmağa, qəzet oxumağa icazə verilməməsi ilə bağlı problemlər davam edir.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Sorğu
Yeni dizaynımız necədir?