Monteneqroda tikilməkdə olan elit yaşayış kompleksinin əsas müştəriləri Azərbaycan vətəndaşlarıdır
Azərbaycan vətəndaşları Monteneqronun Adriatik dənizi sahillərində yeni tikilməkdə olan elit yaşayış kompleksində məskunlaşır. Virtualaz.org Monteneqronun daşınmaz əmlak agentliklərinə istinadən xəbər verir ki, dəniz sahilində, füsunkar mənzərəyə malik kurort şəhəri Budvada tikilən “Dukley Gardens” villa kompleksində qiymətlər milyon dollarla ölçülür.
Layihənin investorlarından biri olan İqor Pelyuxno bildirib ki, onlar kompleksə təkcə 2011-ci ildə 33 milyon avro yatırıblar. İndidən tikilməkdə olan villaların əksəriyyəti satılıb. Villalar sahiblərinə gələn il iyunun 1-dək bütün şəraiti ilə təhvil veriləcək. İnvestorlar villa kompleksində ərazi abadlaşdırma işləri görürlər və kompleks beşulduzlu otel səviyyəsində idarə olunacaq. Yəni villaların sahibləri hər cür xidmət və rahatlıqla təmin olunacaqlar.
Kompleksin tam başa çatdırılması üçün 30 milyon avroyadək investisiya tələb olunur. Kompleksdə cəmi 202 villa olacaq. Onlardan 100-dən çoxu artıq satılıb. Alıcıların əksəriyyəti Rusiyadan və keçmiş sovet resopublikalarındandır.
“Son vaxtlar kompleksdə daşınmaz əmlak almağa Azərbaycan vətəndaşları da böyük maraq göstərirlər” - deyə İqor Pelyuxno bildirib.
İnvestorun sözlərinə görə, villa almaq üçün Azərbaycandan Monteneqroya az qala hər gün sanballı adamlar gəlir. Onlar və ya agentləri villaların satışı ilə maraqlanır və sövdələşmə aparırlar. “Dukley Gardens” kompleksində villaların bir kvadratmetrinin qiyməti 5 mindən 8 min avroyadək dəyişir ki, bu da bir malikanənin qiymətinin bir neçə milyona qədər olması deməkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?