Azərbaycanda prezident seçkiləri gününün axşamı “kim daha çox şampan sifariş verər” yarışı təşkil edən, yaşları 30-a yaxın olan iki milyonçu gənc kimdir?
Londonun elitar gecə klublarının birində keçmiş sovet respublikasından olan iki multimilyonçu öz aralarında “kim şampan şərabına kim çox pul xərcləyər” yarışına çıxıblar.
Virtualaz.org CNBC telekanalına istinadən xəbər verir ki, bu qudurğanların adları açıqlanmır, ancaq onlar “rus multimilyonçuları” kimi təqdim olunur.
Burada vacib bir detala fikir vermək lazımdır. Məlumdur ki, Londonda (eləcə də digər Qərb ölkələrində) keçmiş sovet respublikalarından olan oliqarxlar və onların övladları milliyyətindən asılı olmayaraq “rus” kimi tanınır və bu adla da təqdim olunur. Yəni istisna deyil ki, söhbət azərbaycanlı oliqarxların uşaqlarından da gedə bilər. Axı vaxtilə Telman İsmayılovun və azərbaycanlı tikinti maqnatı Mehrac Babayevin oğlanları Cenevrədə dəyəri milyonlarla dollar olan super maşınlarla yarışa çıxıb qəza törədəndə də Qərb mətbuatı onları əvvəlcə “rus” kimi təqdim edirdi. Sonra isə gənclərin azərbaycanlı olduğu üzə çıxdı.
Maraqlıdır ki, “kim daha çox şampan sifariş verər” yarışı Azərbaycanda prezident seçkilərinin keçirildiyi günə - oktyabrın 9-u axşama təsadüf edib.
Telekanal bildirir ki, Londonun prestijli Mayfair rayonunda yerləşən “Kitsch” gecə barında gecə yarısı başlayan “pul kisələrinin döyüşü”ndə gənc multimilyonçular bir-birlərindən geri qalmamaq üçün dalbadal bahalı şampan şərabları sifariş veriblər. Sonda onların ikisinin şampan şərablarına üst-üstə 210 min dollara yaxın pul xərclədiyi məlum olub. Yarışda 84 şüşə “Dom Perignon” şampanı (27 min 200 funt-sterlinq) və 30 şüşə “Cristal” şampanı (41 min 400 funt-sterlinq) sifariş verilib.
Gecə saat 02:40-da “döyüş” yekunlaşanda məlum olub ki, “ruslardan” biri 66 min 778 funt-sterlinq, digəri isə 54 min 279 funt-sterlinq hesab verib. Hesab bütövlükdə 131 min funt-sterlinq (210 min dollara yaxın) təşkil edib. Barın ofisiantları isə “çay pulu” olaraq onların hər birindən 8 min funt-sterlinq alıblar.
CNBC xəbər verir ki, böyük ehtimalla milyonçu balaları olan gənc “ruslar” həmçinin 1998-ci il istehsalı olan “Krug” şampanı, “Chivas Regal”, “Espresso Martini” viskiləri və “Belvedere” arağı içiblər. Şahidlərin bildirdiyinə görə, sonda hesabı alanda yarışda udan milyonçu çox sevinib və atılıb-düşüb. Onların şəxsiyyəti barədə məlumat verilmir, ancaq bildirilir ki, söhbət “yaşları 30-dan çox olmayan” iki gəncdən gedir.
Telekanal xəbər verir ki, “yarışçıların” hərəsinə bir dəstə qız azarkeşlik edib. Doğrudur, sifariş verilən şampanları içməkdə oliqarx uşaqlarına qızlar da “kömək edib”, bununla belə gecə barı bağlananda masanın üzərində içilməmiş onlarla şüşə şampan qaldığı bildirilir.
Bu mövzu ətrafında araşdırma aparıb həmin gənclərin kimliyini öyrənməyə çalışacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?