Ucuz ipoteka kreditləri, habelə xaricilərin artan marağı Praqada mənzil satışı bumuna səbəb olub.
Virtualaz.org saytı Çexiya KİV-lərinə istinadən xəbər verir ki, ötən il Praqada mənzil satışında rekord qeydə alınıb.
Xəbərdə deyilir ki, Çexiya paytaxtına mənzil almaq üçün axın edənlərin arasında imkanlı Azərbaycan vətəndaşları da üstünlük təşkil edir.
Çexiya mətbuatı yazır ki, keçmiş sovet respublikalarından olanlar əvvəllər də bu ölkədə hər il yüzlərlə mənzil alırdı. Ötən il isə onların sayı kəskin artıb.
Rieltorlar ötən il Praqada 5950 yeni mənzil satıblar. Bu, 2008-ci ildə başlayan qlobal böhrandan əvvəlki satış həcmindən çoxdur. Keçmiş sovet respublikaları vətəndaşları Çexiyada həm yeni, həm köhnə mənzilləri alırlar.
Daşınmaz əmlak şirkətlərindən birinin icraçı direktoru Aleksandra Krabçova deyir ki, ötən il mənzil almaq üçün axın edənlərin arasında ruslar çoxluq təşkil edib. Çünki ruslar rublun ucuzlaşmasını görərək əllərindəki kapitalı xaricdən mənzil almağa yatırırılar.
A.Krabçova xaricilərin Çexiyadan mənzil almasının ölkəyə sərfəli olduğunu deyib. Çünki belələri ölkə büdcəsinə vergi ödəyirlər.
"Century 21” daşınmaz əmlak agentliyi isə Rusiyadan və digər keçmiş sovet respublikalarından Çexiyada mənzil almaq üçün tələbatın dəfələrlə artdığını qeydə alıb. Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan və Belarusdan olanlar Çexiyadan mənzil alan xaricilər arasında ikinci ən iri qrupu təşkil edirlər. Gözlənilir ki, keçmiş sovet respublikalarının sakinlərinin Çexiyadan mənzil alması bu il daha da artacaq.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Britaniyadan mənzil alan xaricilər arasında da ilk sıralarda yer alırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?