Bu gün əfv sərəncamının icrasına başlanıb. APA-nın məlumatına görə, əfv sərəncamı oktyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb.
Sərəncam ümumilikdə 153 məhkuma şamil olunub. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 134 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 16 nəfər isə cərimə cəzasından azad edilib.
Cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev də var.
Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil edilib.
"Yeni Müsavat"ın əməkdaşı Elşən Balaxanılının verdiyi xəbərə görə, səhər saatlarında Fərhad və Rafiq Əliyevlərin xeyli sayda qohum-əqrəbası onların saxlandığı Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısına yığışıblar və əfv fərmanının icrasının başlanmasını gözləyirlər. Onlar qurbanlıq heyvan da gətiriblər ki, azad olunan qohumlarının ayağı altında kəssinlər.
Əməkdaşımızın verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının təşkilatçılığı ilə 2 saylı CM-nin qarşısına bir avtobus dolusu jurnalist də gətirilib. Onlar əfv sərəncamının icrası haqqında süjet, reportaj, məqalə hazırlayacaqlar. Güman olunur ki, diqqət mərkəzində daha çox Fərhad və Rafiq Əliyev qardaşları olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?