Moskva meriyası noyabrın 4-də şəhərin Lyublino rayonu ərazisində “Rus marşı” adlı aksiyanın keçirilməsinə razılıq verib.
Moskva Regional Təhlükəsizlik Departamentinin rəhbəri Aleksey Mayorov aksiyanın Lyublinodan yürüşlə başlayaraq Pererva küçəsindən keçməklə mitinqlə başa çatacağını söyləyib.
O, aksiya təşkilatçısının “Russkiye” Birliyinin rəhbəri Dmitri Demuşkin olduğunu deyib. D.Demuşkin müraciətində marşda təxminən 30 min, mitinqdə isə 20 min adamın iştirak edəcəyini yazıb (APA).
Daha öncə Rusiya Ümumxalq İttifaqı Partiyası da Moskvanın mərkəzində yürüş keçirmək istəyib, lakin meriya buna icazə verməyib. İttifaqın təmsilçisi İvan Mironov Lyublinoda keçiriləcək aksiyaya qoşulacaqlarını açıqlayıb.
Rusiyadakı Azərbaycan diasporunun liderləri rus millətçilərinin 4 noyabr aksiyası ilə bağlı Moskvada yaşayan azərbaycanlılara təlimat və tövsiyələr veriblər.
“Biz soydaşlarımızı “Rus marşı”nın keçiriləcəyi 4 noyabr günü evdən çıxmamağa, küçələrdə görünməməyə, rus millətçilərinin kütləvi tədbirlərinin keçiriləcəyi ərazilərə getməməyə çağırırırq”.
Bunu virtualaz.org saytının müxbirinə açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev deyib.
İ.Hacıyevin sözlərinə görə, Rusiya ictimaiyyətinin azərbaycanlılara münasibəti çox yaxşıdır, amma bəzi millətçi qüvvələr iki xalq arasına nifaq toxumu səpmək istəyir: “Buna görə də biz soydaşlarımızı təxribatçıların fitnə-fəsadına uymamağa, ehtiyatlı olmağa çağırırıq”.
İ.Hacıyev Rusiyanın güc strukturları əməkdaşlarının Moskvadakı reyd və axtarışlarını da şərh edib: “Biz Moskva hökumətinə ticarət mərkəzlərində yoxlama aparmağı qadağan edə bilmərik. Bunu etmək onların vəzifəsidir. Yalnız onu deyə bilərəm ki, bu yoxlamalar məhz azərbaycanlılarla bağlı deyil. Bunu bizə Moskva meriyasında da dedilər. Bunlar əvvəlcədən nəzərdə tutulmuş və planlaşdırılmış yoxlamalardır. Mən özüm bu gün bir neçə bazarda olmuşam. Amma polislərin azərbaycanlılara pis münasibət bəslədiyini görməmişəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?