Bu gün Ağır Cinayətlər üzrə İşlərə dair Məhkəmədə iki qalmaqallı cinayət işinə baxılır. Bunlardan biri sabiq deputat Gülər Əhmədovanın müttəhim qismində cəlb olunduğu məhkəmədir. Digər məhkəmədə isə dindar jurnalist Nicat Əliyev mühakimə olunur.
Əməkdaşımızın verdiyi xəbərə görə, hər iki məhkəmədə iştirak etmək üçün ittiham olunanların yaxınları və jurnalistlər məhkəmə binasına gəliblər.
Xatırladaq ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
Nicat Əliyev qarşı isə Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?