Baş nazir Artur Rasizadə Milli Məclisin bəzi deputatlarının qaldırdığı “bayraq mübahisəsi”nə nöqtə qoyub. Modern.az saytı xəbər verir ki, Baş nazirin imzaladığı yeni qərarla "Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları"na əlavə edilib. Yeni əlavədə deyilir:
"Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir".
Xatırladaq ki, Milli Məclis oktyabrın 22-də “Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun layihəsini müakirəyə çıxararkən həmin iclasda mübahisə yaranmışdı. Bəzi deputatlar bir sıra yerlərdə üçrəngli bayrağın tərsinə asılmağına görə narazılıqlarını bildirmişdilər.
Millət vəkili Aqil Abbas tədbirlərdə və beynəlxalq görüşlərdə bayrağın şaquli vəziyyətdə asılarkən hansı rəngin birinci gəlməsi məsələsində anlaşılmazlıq olduğunu deyib: “Bu ciddi məsələdir. Bizim bayrağı İranda tərs asdılar, Azərbaycan ayağa qalxdı. Xahiş edirəm ki, parlament bunun asılma formasını qəbul etsin. Yuxarıdan aşağı asılarkən yaşıl rəng birinci gəlməlidi, yoxsa mavi?”. Aqil Abbas bəzi tədbirlərdə yaşıl rəngin önə çəkildiyini qeyd edərək deyib: “Bu bayrağa görə milyonlarla azərbaycanlı ölüb. Harada islam güclüdür, orada yaşıl rəng qabaqdadır. Bu ciddi məsələdir. Bayraq aşağı asılanda necə olmalıdır?”.
Beləliklə, Artur Rasizadənin imzaladığı qərarla deputatın sualına cavab rəsmiləşib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?