On aya yaxındır ki, istintaq gedir, amma bir dəfə olsun ciddi istintaq hərəkəti aparılmayıb
gundemxeber.az “Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun işi əməlli-başlı dalana dirənib. Artıq onuncu aydır ki, E.Seyidov heç bir ciddi əsas göstərilmədən həbsdə - MTN-nin istintaq təcridxanasında saxlanılır. Söhbət, irəli sürülən ittihamı sübut edən konkret dəlil və faktlardan gedir. Əgər E.Seyidov dələduzluqda, özgə əmlakını ələ keçirməkdə ittiham olunursa, demək, ortada mütləq zərərçəkən olmalıdır. On aya yaxındır ki, istintaq həmin o zərərçəkəni tapıb üzə çıxara bilmir. Son məhkəmə proseslərinin birində E.Seyidov özü də tələb edib ki, belə bir şəxs varsa, ona vurduğu zərəri ödəməyə hazırdır. Bunun cavabında isə qarşı tərəf zərərçəkənin olduğu və vaxtı gələndə onun adını deyəcəkləri ilə bağlı absurd bir fikir səsləndirib. İş üzrə maraqlı məqamlardan biri də E.Seyidovun dağınıq sklerozdan əziyyət çəkməsidir. Maraqlıdır ki, bu il ölkə parlamenti belə xəstələr üçün xüsusi imtiyazların nəzərdə tutulması ilə bağlı müzakirələr başlatdı. Bu biri tərəfdən də, hakimiyyət faktiki olaraq bu xəstəlikdən əziyyət çəkən E.Seyidovu israrla həbsdə saxlayır. Qəribədir ki, “Texnikabank”ın eyni iş üzrə həbs edilən rəhbər şəxsləri də bir müddət əvvəl azadlığa buraxıldı. Vəkil Əsabəli Mustafayev bütün bu detalların E.Seyidovun həbsinin sifarişli olduğunu sübut etdiyini deyir: “Məhz bu səbəbdən də onu azadlığa buraxmırlar. Düz on aya yaxındır ki, guya istintaq gedir. Amma bir dəfə olsun ciddi istintaq hərəkəti aparılmayıb. Qanunvericiliyə görə, istintaqın maksimum müddəti on iki aydır. Əslində 9 aydır. Müstəsna hallarda 12 aya qədər uzadıla bilər. Bu müstəsna halın nə olduğunu da bizə demirlər. On iki aydan sonra ya açıb buraxmalıdılar, ya da işi məhkəməyə göndərməlidilər. Sifarişli işləri bir günə də başa çatdırıb məhkəməyə göndərə bilirlər. Məhkəmədə dedik ki, Elnur Seyidovdan şikayətçi olan heç olmasa bir adamın adını çəkin. Müstəntiq deyir var, amma heç bir ad çəkmir. Aydın məsələdir ki, Elnur Seyidova qarşı açıq-aşkar qərəz var”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?