Ali Məhkəmə “Texnikabank” işi üzrə daha bir nəfərin cəzasını azaldıb.
Vəkil Elçin Əliyev “Media forum” saytına deyib ki, Ali Məhkəmə “Texnikabank”ın Abşeron filialının keçmiş müdiri Zülfüqar Zülfüqarlının işindən verilmiş şikayətə baxıb: “Bakı Ağır Cinayətlər Məhkəməsi Zülfüqar Zülfüqarlını 7 il 3 ay müddətinə zadlıqdan məhrum etmişdi. Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlamışdı. Ali Məhkəmə şikayətimizi qismən təmin edib, Zülfüqar Zülfüqarlının cəzası 7 il 3 aydan 3 il 6 aya endirilib”.
İşə hakim Tapdıq Mahmudovun sədrliyi ilə baxılıb.
Zülfüqar Zülfüqarlı hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
“Texnikabank” işi üzrə məsuliyyətə cəlb olunanlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə təqsirli biliniblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsi “Texnikabank”ın İdarə Heyətinin sabiq sədri Samir Hüseynovun cəzasını 8 illik həbsdən 4 ilə endirilib, eyni zamanda bu cəza 1 il sınaq müddəti tətbiq olunmaqla şərti cəza ilə əvəzlənib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Daha sonra Ali Məhkəmə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Polad Talıbovu azadlığa buraxıb. Polad Talıbov “Texkart” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olub.
“Texnikabank” işi üzrə məhkum olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov da var. O , 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?