Bu il yanvar-oktyabr ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 716 sahibkar inzibati qaydada cərimələnib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər.
Bu müddətdə 79 nəfər barədə materiallar inzibati orqanlara verilib. Hesabat müddətində 212 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 251 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 8739, mikrobioloji göstəricilərinə görə 8175, toksikoloji göstəricilərinə görə 2282, radioloji göstəricilərinə görə isə 236 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub.
Nümunələrin 136-da orqanoleptik və fiziki-kimyəvi, 89-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.
Bu ilin yanvar-oktyabr aylarında iaşə müəssisələrindən 27430 yaxma, 518 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 439-da, soyuq qəlyanaltıların 5-də bağırsaq çöpləri normadan artıq olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?