Bakının Xəzər rayonundakı 230 saylı məktəbdə direktorla şagird və valideyn arasında insident baş verib.
Direktor Elşən Qafarov şagird yoldaşı ilə söhbət etdiyi üçün 9-cü sinif şagirdi A.A.-nı (ad bəlli olsa da, açıqlamırıq) sinifdən qovub. Bunun ardınca isə 14 yaşlı şagirdin evinə polis bölməsinin əməkdaşı gələrək, direktorun ondan şikayət etdiyini bildirib.
Şagirdin nə baş verdiyini araşdırmaq üçün məktəbə gedən anası da direktorun təhqirləri ilə üzləşib. Direktor nəinki valideynin suallarına cavab verib, əksinə şagirdin anasını təhqir edərək, "uşağını rədd elə məktəbimdən" söyləyib.
Uşağın sinifdə söhbət etməsindən başqa heç bir günahının olmadığı halda polisə şikayət edilməsinə ehtiyacın haradan qaynaqlandığı barədə suala cavab vermək əvəzinə ananı təhqir etməyə üstünlük verən Elşən Qafarovun "gedin, hara şikayət edirsiniz edin, məni burda qaş-gözümə görə oturtmayıblar" deyib.
İttihamlarla bağlı AzNews.az-a açıqlama verən direktor Elşən Qafarov uşağa qarşı heç bir zorakılıq faktının baş vermədiyini bildirib: “Bu məsələ ilə bağlı Təhsil Nazirliyi araşdırma aparır. Bundan başqa Xəzər rayonu Polis Şöbəsinin uşaq inspeksiyasında da məsələ araşdırılır. Bu inspeksiya məktəblərlə çox sıx işləyir. Çətin tərbiyə olunan uşaqlarla bağlı problemi biz müəssisə daxilində yoluna qoymağa çalışırıq, ancaq bu mümkün olmadıqda Uşaq inspeksiyasına müraciət etmək məcburiyyətində qalırıq. Həmin hadisə ilə bağlı da müraciəti məktəb rəhbərliyi olaraq biz etmişik. Məsələnin necə baş verdiyi, valideynin böhtanları - hər şey araşdırılacaq. Hadisənin necə baş verməsinə gəlincə isə ancaq Bakı Şəhəri üzrə Təhsil İdarəsini mətbuat xidmətinin icazəsi olduqdan sonra mən direktor kimi mətbuata açıqlama verə bilərəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?