Son vaxtlar Azərbaycanda avtobusların iştirakı yol nəqliyyat hadisələrinin artması ilə əlaqədar xəttində ölüm və ya xəsarət baş verən sahibkarlardan həmin reys geri alınaraq, dgərinə veriləcək.
Bu barədə «APA-Economics»ə məlumat verən Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib ki, bununla bağlı nəqliyyat naziri Ziya Məmmədov xüsusi tapşırıq verib: «Keçən il 124 saylı avtobusla baş verən qəza ilə əlaqədar geniş müşavirə keçirilib. Bu sahədə böyük pərakəndəliyin olduğu aşkar edilib və müvafiq tədbirlər görülüb. Bu tədbirlər indi də davam etdirilir, hazırda avtobus marşrutlarının sayı 310-dan 172-yə endirilib. Lakin qəzalar yenə də baş verir».
Onun sözlərinə görə, problemlə bağlı Nazirliyin müvafiq strukturlarına noyabrın sonuna qədər gündəlik monitorinqlərin aparılması tapşırılıb.
«Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, 217 sürücüdə «D» kateqoriyası, 131 sürücüdə isə ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb. Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi birgə monitorinqlər aparır. Apardığımız reydlər nəticəsində hətta narkoman sürücü belə aşkar olunub. Vəziyyətin bu həddə gəlib çıxmasına səbəb olan sahibkarlarla müqaviləmizə xitam vermək hüququmuz var və biz bu hüququmuzdan istifadə edirik. Amma eyni zamanda, vətəndaşların da məsuliyyətli olmasını istəyirik. Bu cür sürücülərə görə sahibkarlar özləri məsuliyyət daşıyacaqlar», - deyə N.Həsənov bildirib.
Nazirliyin sözçüsü etiraf edib ki, bu cür sürücülərə cərimə ilə də təsir göstərmək mümkün deyil. N.Həsənov hesab edir ki, bu məqsədlə tətbiq olunan cərimələr artırmalıdır: «Məsələn, indi 50 manat nəzərdə tutulan cərimə 1000 manat təşkil etməlidir. Təəssüf ki, bizdə cərimələr aşağıdır. Lakin cərimələrin artırılması ilə bağlı öz təkliflərimizi irəli sürmüşük və onlara baxılacağına ümid edirik».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?