Yanacağın qiymətinin artmasından dərhal sonra ictimai nəqliyyatda gediş haqlarının da süni şəkildə artırıldığı barədə xəbərlər yayılmağa başlayıb.
Sərnişinlərlə yanaşı, marşrut avtobuslarının sürüçüləri də qiymət artımının onların işinə ciddi təsir etdiyini bildirirlər. Sürücülər deyirlər ki, gün ərzində 100 litr yanacağa 55 manat pul ödəyirdilərsə, indi bu rəqəm 70 manata çatıb. Bu isə ayda 450 manat əlavə xərc deməkdir. Bəzi sahibkarların gündəlik planı 10 manat edirdiyini deyən sürücülər əlavə edib ki, bu da problemi həll etmir: "Əvvəl 90 manat verirdik, indi 80 manat olub. Amma bu da bizə sərf eləmir".
Nəqliyyat Nazirliyi problemdən xəbərdardır. Nazirliyin Mətbuat Katibliyinin rəisi Namiq Həsənov APA TV-yə deyib ki, artıq bir sıra yerlərdən gediş haqlarının süni artırılması ilə bağılı müraciətlər edilib: "Yanacağın qiyməti artan gündən bizə siqnallar daxil olmağa başladı. İlk siqnal 131 saylı marşrut xəttindən gəldi, faktla bağlı araşdırmalara başladıq və məsələ yerində həll olundu. Biz sakinlərdən xahis edirik ki, belə fakt olarsa, bizim qaynar xətt ilə əlaqə saxlasınlar".
Namiq Həsənov hələlik ictimai nəqliyyatda qiymətin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilmədiyini bildirib. Bununla belə, nazirlik sözçüsü yaxın gələcəkdə qiymət artımının qaçılmaz olduğunu söyləyib: "Sahibkarlar bizə müraciət edib, elə sürücülər də. Bu müraciətlər əsasında nazirlikdə araşdırmalar başlanıb".
Namiq Həsənov müraciətin nə zaman ediləcəyinin məlum olmadığını deyib, əlavə edib ki, artım 1 gün sonra da, 3 il sonra da ola bilər .
Sürücülərin ödədiyi gündəlik planın aşağı salınmasına gəlincə, Namiq Həsənov deyir ki, nazirlik bu məsələyə müdaxilə etmək səlahiyyətində deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?