İqtisadçılar Nəqliyyat Nazirliyinin yeni çoxmilyonluq layihəsinə qarşı çıxdı
Gələn ildən iritutumlu avtobusların marşrutdan çıxarılacağı, ortatutumlu avtobusların alınacağı gözlənilir.
Nəqliyyat Nazirliyi bununla bağlı rəsmi açıqlama verməsə də artıq iritutumlu avtobuslara qarşı təbliğat kampaniyasına başlanılıb. Nazirliyin əməkdaşları iritutumlu avtobusların tıxac yaratdığını, onların qəzalara səbəb olduğunu söyləməklə prosesə başlanılacağını etiraf edirlər.
Ekspertlər isə marşrut xətlərində baş verən bu dəyişikliklərin milyonlarla manat vəsait itkisinə səbəb olduğunu əsas gətirərək Nəzliyyat Nazirliyini araşdırma aparmadan qərar verməkdə ittiham edirlər.
“Hələ 5 il əvvəl Bakıya iritutumlu avtobusların gətirilməsinə qarşı çıxmışdıq. Çünki iri avtobuslar xüsusilə mərkəzi küçələrdə tıxacların yaranmasına səbəb olurdu. Lakin paytaxta iritutumlu avtobuslar gətirildi” - bunu virtualaz.org saytına açıqlamasında iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
İqtisadçı iritutumlu avtobusların gətirilməsinə dövlət büdcəsindən 30 milyon manat ayrıldığını dedi: “Nəqliyyat Nazirliyi avtobusların gətirilməsinə sərf edilən xərclərin məbləğini açıqlamadı. Bu barədə suallar hər dəfə cavabsız qaldı. Lakin müxtəlif mənbələrdən verilən məlumata görə, bir avtobusun alınmasına təxminən 130-150 min dollar xərclənib. Azərbaycana 1000-dən çox belə avtobus gətirilib. Bu isə təxminən 150 milyon dollar deməkdir”.
R.Ağayev iritutumlu avtobusların gətirilərək sahibkarlara verilməsinə görə dövlət büdcəsindən vəsait ayrılmasının anlaşılmaz olduğunu vurğuladı: “Nəqliyyat Nazirliyi hər 10 min nəfərin rahat daşınması üçün nə qədər avtobus lazım olduğunu araşdırmayıb. Əgər araşdırma aparılarsa, onda avtobusların sərnişinlərin tələbatını ödəmədiyi müəyyənləşər”.
“Paytaxtın avtobus xidməti bir adamın və bir markadan olan avtobusların inhisarına keçdi” - deyə iqtisadçı qeyd etdi: “İndi təbliğatla yeni eksperimentə hazırlaşırlar - iritutumlu avtobuslar özünü doğrultmadı, orta ölçülü marşrutlara ehtiyac var. Ölkənin yüz milyonlarla manat pulunu havaya sovuracaqlar. Axı Bakıda xətlərin tənzimlənməsi niyə Nəqliyyat Nazirliyində olmalıdır?”
R.Ağayevin fikrincə, nəqliyyatın idarəetməsində Türkiyə və ya Gürcüstan modelinə üstünlük verilə bilər.
Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov isə iritutumlu avtobusların tamamilə marşrutdan çıxarılmasının tərəfdarı deyil.
Ekspert virtualaz.org saytına açıqlamasında dedi ki, il ərzində 100 min avtomobil satılır, bunun da 80 mini Bakının payına düşür: “Sərnişindaşınmada tətbiq ediləcək bütün yeniliklər zamanı avtomobil satışının sürətlə artdığını nəzərə almaq lazımdır. 5 il əvvəl indiki kimi tıxac problemi olmayıb. Son illər inşa edilən körpülər, yollar da tıxac problemini həll edə bilmir”.
A.Allahverənovun fikrincə, tramvay və trolleybus xətləri bərpa edilməlidir: “Bütün inkişaf etmiş ölkələrdə tramvay və trolleybus xətləri var. Nəqliyyatda tıxac olduğu halda bu marşrutlar vasitəsilə istənilən yerə getmək asandır. Üstəlik tramvay və trolleybus ən ucuz nəqliyyat vasitəsi sayılır”.
İqtisadçı Nübar Seyidova isə iritutumlu avtobusların marşurutdan yığışdırılmasının milyonlarla manat itkiyə səbəb olacağını düşünür: “Avtobuslarda gediş haqqı kart sisteminə keçib. Artıq avtobuslarda aparatlar da quraşdırılıb. İritutumlu avtobuslar xətdən yığışdırılarsa, bu aparatlar yenidən sökülməlidir? Digər tərəfdən, nə qədər marşrutlar ləğv edildi. Nəqliyyat Nazirliyinin hər yeniliyi sərnişinlərin başında çatlayır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?