Ombudsman Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Rəsmi məlumata görə, Pərviz Həşimli səhhətindən, saxlanma, şəraiti və qidalanmadan narazılıq etməyib. Xəbərdə deyilir ki, Pərviz Həşimlinin təcridxanada aclıq aksiyası keçirmədiyi, gündəlik yeməyi qəbul etdiyi məlum olub.
Pərviz Həşimlinin vəkili Elçin Sadıqov “Media forum” saytına bildirib ki, Ombudsman Aparatının noyabrın 26-da yaydığı məlumat həqiqəti əks etdirmir: “Pərviz Həşimlinin səhhəti ilə bağlı tibbi sənədlər var. Həmin sənədlərdə Pərviz Həşimlinin huşunu itirdiyi, psixoloji sarsıntılar keçirdiyi və fizioloji cəhətdən zəiflədiyi əksini tapıb. Bu sənədlərlə Ombudsman Aparatının açıqlaması bir-birinə ziddir. Ombudsman istintaq orqanının xeyrinə məlumat verib”.
Aclıq aksiyasına gəlincə, vəkil deyib ki, noyabrın 25-də Pərviz Həşimlinin digər vəkili Bəhruz Bayramov ona baş çəkib: “Pərviz Həşimli bazar günündən aclıq aksiyası keçirir”.
Vəkil noyabrın 26-da günün sonuna qədər Pərviz Həşimli ilə görüşəcəyini də deyib.
Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?