Sabiq müdafiə naziri Rəhim Qazıyev Milli Şura daxilində gedən proseslərə və iqtidar-müxalifət dialoqu ilə bağlı məsələyə münasibət bildirib.
Sabiq nazir R.Qazıyev Publika.Az-a açıqlamasında deyib:
“Vallah, bu adamlar nə qədər ki, Azərbaycanın siyasi meydanındadırlarsa, Azərbaycana ziyandan başqa heçnə verməyəcəklər. Adam gərək tüpürdüyünü yalamasın. İnanın ki, vallah indi Milli Şurada iş getmir, ancaq çənə vururlar. Onların işi-gücü yoxdur. Əbəs yerə Cəmil Həsənlini də zərbə altına qoydular. Baxarsınız, bir azdan sonra Cəmil Həsənlinin üzərinə düşəcəklər və bütün günahı da onun üzərinə yıxacaqlar. Bir az Cəmil Həsənlinin reytinqi qalxan kimi Milli Şurada olan “canavarlar” buna imkan verməyəcəklər. İndi onlardan kim irəli getmək istəyirsə, dərhal onun paxıllığını çəkirlər. Bu isə bədbəxtlikdir. Ailə kiçik dövlətdir və hər bir möhkəm təməlli ailənin əsasını ailə başçısı qoymalıdır. İndi Milli Şuranın da təməli möhkəm qoyulmayıb. Kasıb itinin adını gümüş qoyan kimi, bunlar da gündə bir təşkilat yaradırlar. Guya İctimai Palata ilə Milli Şuranın fərqi nə idi? Əgər iş görmək istəyən bunu İctimai Palata adı altında görə bilməzdimi? Gərək onun adı dəyişib Milli Şura qoyulaydı? Misal üçün, mən kostyumu dəyişsəm, o zaman mən dəyişəcəm ki? Forma dəyişməklə işi və mahiyyəti dəyişmək mümkün deyil. Əsas odur ki, mahiyyət dəyişsin. İnsan gərək düşünməsin ki, mən varamsa, məndən başqası mənim qarşıma keçə bilməz. Bu natural axmaqlıqdır, psixi pozğunluqdur. O cür adamlar dərhal həkimə getməli, özlərini müalicə etdirməlidir. Axı neçə prezident seçkisində uduzmaq lazımdır ki, sən siyasi meydandan gedəsən? Hələ baxarsınız, bir azdan İsa Qəmbər öz yerinə oğlunugətirəcək. Ay İsa Qəmbər heç olmasa başqasını tənqid edəndə bir az da özünə bax da!”.
İqtidar-müxalifət dialoqu ilə bağlı məsələyə də toxunan R.Qazıyev bildirib ki, indi Azərbaycan müxalifəti ilə iqtidarı arasında konstruktiv dialoqlar getməlidir: “Axı niyə müxalifət ilə iqtidar üz-üzə oturub hər hansı məsələni müzakirə etməsin? Əgər indi Azərbaycan xalqının firavan həyatından, inkişafımızdan və torpaqlarımızın işğaldan azad olunmasından söhbət gedirsə, bu məqamlarda hamı bir olmalıdır. Strateji və milli maraqlara söykənən məsələlərdə müxalifət və iqtidar bir olmalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?