Bakı Şəhər Dezinfeksiya Stansiyası bir ilin içində yüz minlərlə manata sahib olub, amma 1 manatlıq iş görməyb
Bakı Şəhər Dezinfeksiya Stansiyası uzun illərdən bəri fəaliyyət göstərsə də, adı heç «it dəftəri»ndə də yoxdur. Nə fəaliyyəti, nə də işləri məlum olmayan bu idarənin isə ildə yüz minlərlə manat pulu büdcədən sildiyi aşkarlanıb.
Çağırılan yerə ya gələməyən, ya da gəlməyin qarşısında pul istəyən stansiya təkcə bu il içində 100 min manatdan artıq büdcə vəsaitinin «axırına çıxıb». Amma ortalıqda 1 manatlıq belə iş yoxdur. Deyilənlərə görə, sözügedən qurumun əsas missiyası varlı şəxslərin bağ-bostanına baxmaqdan ibarətdir. Görünür, elə bu səbəbdəndir ki, adıçəkilən qurumu Səhiyyə Nazirliyi belə yüksək məbləğlərlə «mükafat»landırıb.
İndi isə Bakı şəhər Dezinfeksiya Stansiyasının bu il içində tenderləri həyata keçirən zaman «xərclədiyi» pullara diqqət yetirək.
-Dərman preparatlarının satın alınması məqsədi ilə "Epidbiomed" MMC-yə 24999,48 manat;
- Kommunal xətlərin təmir işlərinin satın alınması məqsədi ilə "Epidbiomed" MMC-yə 29997,96 manat;
- Ehtiyat hissələrinin satın alınması məqsədi ilə yenə "Epidbiomed" MMC-yə 34999,74 manat;
- Sürtkü materiallarının satın alınması məqsədi ilə növbəti dəfə "Epidbiomed" MMC-yə 12998,86 manat;
- Təsərrüfat mallarının satın alınması məqsədi ilə bu dəfə də "Epidbiomed" MMC-yə 44996,86 manat;
- Mətbəə xidmətlərinin satın alınması məqsədi ilə "Epidbiomed" MMC-yə növbəti 19998,84 manat;
- Dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması üçün bir daha "Epidbiomed" MMC-yə 47997,09 manat pul ayrılıb.
Bu rəqəmlərdən açıq şəkildə korrupsiya iyi gəlir. Çünki ortada nəzərdə tutulan işlərə görə təqdim edilmiş vəsaitlər həddindən artıq çoxdur. Məsələn, Bakı Dezinfoeksiya Stansiyası təkcə dəftərxana ləvazimatlarına böyük miqdarda pul sərf edib ki, bu da mümkünsüz görünür. Həmçinin dərman pereparatlarının alınması məsələsi də inandırıcı deyil. Çünki stansiyanın işçiləri də deyir ki, onların lazımi qədər pereparatları yoxdur. Üstəlik, stansiya dəftərxana ləvazimatına dərman pereparatlarının alınmasından daha çox pul xərcləyib.
İşin ən əsas tərəfi isə bu işlərin hamısının bir şirkətlə görülməsidir. Şübhə doğuran məqam da elə odur ki, niyə məhz bir şirkətlə. Ola bilər ki, «Epidbiomed» MMC ya stansiyanın rəisinə məxsusdur, ya da Səhiyyə Nazirliyindəki hansısa məmura… (jam.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?