Pərviz Həşimlinin şikayətinə baxıldı Noyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayətinə baxıb. Apellyasiya şikayəti məhkəmə qərarı olmadan jurnalistin evində və çalışdığı ofislərdə axtarış aparılmasının qanunsuz hesab edilməsi və götürülmüş əşyaların geri qaytarılması haqda müdafiə tərəfinin qaldırdığı iddianın rayon məhkəməsində təmin olunmamasından verilib.
Vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, proses hakim İlqar Novruzovun sədrliyi ilə baş tutub: “Pərviz Həşimli məhkəməyə gətirilərkən başına torba keçirilib. Onun qeydləri məcburi olaraq əlindən alınıb. Pərvizi Həşimli avtomobildən düşəndə “Demokratiya qələbə çalacaq” dediyi üçün ona zor tətbiq ediblər, sürüyə-sürüyə məhkəmə zalına aparıblar.
Pərviz Həşimli qeydləri əlindən alındığına görə çıxışdan imtina etdi. Məhkəmənin təxirə salınmasını istədi. Mən də çıxışdan imtina etdim. Bizim çıxışımız olmadan məhkəmə baş tutdu, apellyasiya şikayəti təmin olunmadı”.
Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.
Sorğu
Yeni dizaynımız necədir?