"İcra Başçılarının Hamısı Kişilərdir"Azərbaycanda qadınlar ölkə əhalisinin ümumi sayının 50,4%-ni və ya 4 milyon 602 min nəfərini təşkil edir.
Statistikaya görə, ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında iştirak edən qadınların məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6%-dir. Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74%-i, ali təhsil müəssisələrində 46%-i, həkimlərin isə 63%-i qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46%-i, orta ixtisas təhsili müəssisələrində oxuyanların 66%-i, ali təhsil müəssisələrinin tələbələrinin 46%-i qızlardır. Hazırda, doktorantların 46%-ni, bütün elmi işçilərin isə 51%-ni qadınlar təşkil edir. Son beş ildə doktorluq dərəcəsi alan qadınların sayı 22% artıb. Bəs bu qadınların sosial, iqtisadi və siyasi məsələlərdə iştirakçılığı nə dərəcədədir? Bakıdan kənara çıxsaq, bölgələrdəki qadınların sosial-iqtisadi, siyasi sahədə iştirakçılığı, onların qərar qəbul etmə prosesindəki fəallığı nə dərəcədədir?
Noyabrın 26-da Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatına Yardım Fondu (SBİİYF) ilə əməkdaşlıq çərçivəsində, Konrad-Adenauer-Stiftung və Avropa İttifaqı "Qadın gücünə Güc" adlı layihənin təqdimatını keçirib. Azərbaycanda həyata keçiriləcək layihə 2 il davam edəcək. Bu iki il ərzində bölgələrdəki, kənd yerlərindəki qadınların həm sosial-iqtisadi, həm də siyasi sahədə iştirakçılıq və qərar qəbul etmə prosesində fəallıq bacarıqları artırılacaq.
Azərbaycan Avropa Birliyi Nümayəndəliyinin rəhbər vəzifəsinin icraçısı Toralf Pilz deyir ki, əgər qadın gücünə güc deyiriksə, bu təkcə qadınların yox, bizim hər birimizin, o cümlədən üzərinə düşən məsuliyyətdən gedir söhbət: "Qadın hüquqları və gender məsələləri ölkədə ən vacib məsələlərdən biridir. Aydın məsələdir ki, heç kim özbaşına heç nə edə bilmir. Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirak etmək səyləri təqdirəlayiqdir. Azərbaycanda baş vermiş iki tarixi hadisəni qeyd etmək istərdim. Bunlar ümumilikdə bütün müsəlman dünyasına örnək idi. Birincisi, qadınlara seçmək-seçilmək hüququnun verilməsi, ikincisi isə qadınlar üçün dünyəvi məktəblərin açılması. Həmçinin Sovet İttifaqının vaxtında da ölkədə müsbət dəyişikliklər baş verib. Bu da gender məsələlərinə münasibət və yanaşma baxımından öz töhfəsini verib". Ancaq bununla belə müəyyən sahələrdə birgə fəaliyyəti önə çəkən Toralf Pilz qadınların siyasi həyatda iştirakının artırılmasının vacibliyini vurğulayıb.
AB-nin orta göstəricilərini Beynəlxalq göstəricilərlə müqayisə edən Toralf Pilz deyib ki, Azərbaycanda qadınların ölkə səviyyəsində, siyasi həyatda və qərarların çıxarılmasında iştirakı aşağıdır. O, Azərbaycandakı icra başçılarının əksər hissəsinin kişi olduğuna nümunə gətirərək, hələ ki, qadın icra başçısına rast gəlmədiyini bildirib: "İndiyə qədər görüşdüyüm icra başçılarının hamısı kişi olub. Onların da yaşı təxminən 60-a yaxın olardı. Bu da öz növbəsində cəmiyyətdə tarazlığın pozulduğunu göstərir. Digər tərəfdən isə qadınların qarşısında olan böyük perspektivdən xəbər verir. Çünki hardasa 10 il sonra bu insanları kimlərsə əvəz etməlidir. Ümid edirəm ki, məhz bu əvəz edənlər qadınlar olacaq. Qadınlar üçün artıq bu imkanlardan yararlanmaq şəraiti yaranacaq".
Sorğu
Yeni dizaynımız necədir?