Mərkəz qələmə aldığımız faktları təkzib edir; dəqiqləşdirmə aparılmayıb Qəzetimizin 26 noyabr tarixli sayında “SOS: Tovuzda qanunsuz tibb mərkəzi fəaliyyətdədir” başğıqlı yazı dərc olunmuşdur. Sözügedən yazı ilə bağlı redaksiyamıza müraciət edən adıçəkilən rayonun bir qrup sakini həmin məqalədəki fikirlərin həqiqəti əks etdirmədiyini bildirib. Yazıda haqqında bəhs edilən “F – Təbib” Tibb Mərkəzi barədə məqaləmizdə qeyd olunan faktların dəqiqləşdirilmədən qələmə alındığı iddia olunur: “ “F Təbib” Tibb Mərkəzi artıq neçə illərdir ki, təkcə Tovuz camaatına deyil, bütövlükdə bölgə əhalisinə yüksək xidmət göstərir”. Müraciət müəllifləri daha sonra mərkəzin baş həkimi Firdovsi Məmmədovu yüksək insani və peşəkar keyfiyyətlərə malik olan həkim və ziyalı kimi xarakterizə ediblər. Biz “Gündəm xəbər” qəzeti olaraq həmin müraciətdən sonra etiraz doğuran yazı ilə bağlı qarşı tərəf kimi baş həkim Firdovsi Məmmədovla əlaqə saxladıq. O, sözügedən yazıdakı həqiqətə uyğun olmayan fikirlərdən təəssüfləndiyini bildirərək, məqalə hazırlanarkən faktların dəqiqləşdirilmədiyindən gileyləndi: “Əgər yazı müəllifi doğurdan da ortaya obyektiv araşdırma qoymaq istəyirdisə bu zaman mütləq mənada bizimlə görüşməli və yazıdakı ittihamlarla bağlı mövqeyimizi öyrənməliydi. Mən təəssüf edirəm ki, bu olmayıb. Bildirirəm ki, sözügedən məqalədə adları hallandırılan Xanoğlan və Əhməd həkim öz işlərinin professionallarıdır. Bunun nəticəsidir ki, rayon və bölgə əhalisi öz səhhətlərini məhz həmin həkimlərə etibar edirlər”. Buradakı əməliyyatların qiyməti ilə bağlı məqama gəlincə isə baş həkim qiymətlərin paytaxtla müqayisədə çox münasib olduğunu sözylədi: “Məsələn, Xanoğlan həkimin həyata keçirdiyi tibbi əməliyyatın qiyməti digər yerlərdə - xüsusilə paytaxtda həyata keçirilən əməliyyatlardan 2-3 dəfə ucuz başa gəlir. Biz qiymətləri mümkün minimum həddə saxlamaqla daha peşəkar tibbi xidmət təklif etməyə üstünlük veririk”. Biz KİV haqqında qanunun müvafiq bəndini nəzərə alaraq qarşı tərəfin mövqeyini dərc etdik. Amma bu istiqamətdə araşdırmalarımız davam edir və bununla bağlı növbəti saylarımızda daha geniş bəhs edəcəyik. “Gündəm xəbər”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?