Elman Türkoğlunun bacısı oğlunun ölümündə şübhəli məqamlar var
gundemxeber.az Bir neçə gün öncə əslən Masallıdan olan Sumqayıt şəhər sakini, bayraqdar Elman Türkoğlunun bacısı oğlu Əliyev Nofər Yasər oğlunun özünə sui-qəsd etməsi ilə bağlı bir sıra şübhəli məqamlar ortaya çıxıb. Belə ki, qohumları bir neçə gün bundan əvvəl özünü hamam otağında asaraq intihar etmiş bu şəxsin cinayətkar qrup tərəfindən öldürüldüyünü iddia edirlər. Bununla bağlı dünən "Gündəm xəbər"i məlumatlandıran şəxsin sözlərinə görə, Əliyev Nofər Yasər oğlunun müəmmalı ölümü çoxlarını şübhəyə salıb. Qeyd edək ki, həmin gənc idmançı olub, boksla məşğul olurmuş. Hadisə dekabrın 10-da, günün axşam saatlarında, Sumqayıt şəhər, 40-cı kvartal adlanan ərazidə baş verib. Qeyd edək ki, Nofər Əliyevin sevdiyi Türkan adlı qadının da ötən ayda özünü asması bununla bağlı şübhələri artırıb. Qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, Bərdə rayonunda yaşayan ailə üzvləri Türkan Səfərxanovanı sevmədiyi şəxsə versələr də, o, bir neçə il sonra ərindən rəsmi şəkildə boşanaraq ayrılıb. Bundan sonra Türkanla Nofər bir-birlərini seviblər. Türkan Səfərxanovanın boşandığı əri Nofər Əliyevə zəng vuraraq ona hədə-qorxu gəlib. Maraqlıdır ki, qadının Nofərə zəng edən əri də "səni asacağam" - deyə onu təhdid edib. Həmin şəxsin hüquq-mühafizə orqanlarında - polisdə çalışdığı qeyd edilir. Bərdə rayonunda yaşamış Türkan Səfərxanova noyabrın 18-də özünü ayaqqabı bağları ilə asaraq intihar edib. Nofər isə bundan 22 gün sonra - dekabrın 10-da canına qəsd edib. Onun da sevgilisi kimi ayaqqabı bağı ilə canına qəsd etdiyi (kim bilir, bəlkə də buna məcbur edildiyi) bildirilir. Nofər Əliyev hadisə baş verən gün evdə tək olub. Mərhum əvvəlcə dostları ilə görüşüb. Sonra isə evə gələrək, özünü vanna otağından ayaqqabı bağları ilə asıb. Axşam işdən evə gələn anası mənzilin qapısını döysə də, açan olmayıb. Ehtiyat açarları ilə mənzilin dəmir qapısını açan qadın otaqlara girib oğlunu haraylasa da, ona səs verən olmayıb. Vanna otağına girən qadın burada oğlunun meyiti ilə qarşılaşıb. Nofər Əliyev barmaqları yığılmış halda, ayağında ev ayaqqabısı və ev paltarı ilə asılı halda müəyyən edilib. Maraqlıdır ki, Nofər Əliyevdə olmalı açarlar da mənzildən tapılmayıb. Bu da onun qohumlarının, ailə üzvlərinin şübhələrini bir qədər artırıb. Hazırda cinayət işi qaldırılıb, istintaq gedir: Nofərin dünyasını dəyişməsindən bir neçə gün sonra, üç mərasimi günü Türkan Səfərxanovanın atası Nofər Əliyevin ailə üzvlərinə zəng vurub. Yaxınları Nofərin də özünə qəsd etdiyini ona bildirsələr də, Türkanın valideyni bu xəbərə inanmayıb. Qəzetimizi bilgiləndirən şəxs Nofərin müəmmalı ölümü ilə bağlı bir sıra şübhəli məqamlara da toxundu: "Adətən canına qəsd edən, özünü asan şəxs sonda qərarını dəyişərək, əlini boğazına atır, intihar kəndirindən yaxa qurtarmağa çalışır. Belə vəziyyətdə onun boğazında da barmaq izləri qalır. Amma Nofər belə vəziyyətdə tapılmadı. Onun barmaqları yığılmışdı. Üstəlik, əlinin də üstündə müəmmalı yara vardı". Həm Türkan Səfərxanovanın, həm də Nofər Əliyevin özlərini hamamda asmaları, hər iki şəxsin intihar zamanı ayaqqabı bağlarından istifadə etmələri bir sıra sualların ortaya çıxmasına rəvac verib. Mərhum Nofər Əliyevin yaxınları bildiriblər ki, onlar yaxın günlərdə Bərdə rayonuna gedərək mərhumə Türkan Səfərxanovanın valideynləri ilə görüşəcək, hər iki müəmmalı ölüm faktlarını birlikdə müzakirə edəcəklər. Nofər Əliyevin yaxınlarının sözlərinə görə, Türkan Səfərxanovanın keçmiş əri ona sonuncu dəfə dekabrın 5-də zəng vurub. Həmin şəxsin Nofərə növbəti dəfə hədə-qorxu gəldiyi bildirilir. O, Türkanın özünə qəsd etməsindən də əvvəl Nofərə telefon açıb. Mərhumun yaxınları bir ay ərzində dalbadal baş vermiş müəmmalı qətl hadisələrinin obyektiv araşdırılmasını, bu olaylarda şübhəli şəxslərin mümkün izinin olması versiyalarını təhqiqini tələb edirlər. Nofər Əliyevin intiharı ilə bağlı ötən gün onun dayısı, bayraqdar Elman Türkoğluna dəfələrlə zəng vursaq da, Türkoğlunun mobil telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq cəhdimiz nəticəsiz qaldı. "Gündəm xəbər" olaraq Nofər Əliyevin yaxınlarına, o cümlədən Elman Türkoğluna başsağlığı veririk. Mövzuya qayıdacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?