Dekabrın 3-ü - Beynəlxalq Əlillər Günüdür. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu günü onlarla birlikdə keçirib.
Şağan kəndindəki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqlara baş çəkən nazir onların yaşadıqları şəraitlə tanış olub. 12 yaşlı Kənanın qüsurlu doğulması onu valideyn nəvazişindən məhrum edib. Şağan qəsəbəsində yerləşən əlil uşaqların məskunlaşdığı müəssisənin 159 sakinindən biridir. Digər uşaqlarla birlikdə günlərini müxtəlif cür oyunlar oynamaqla, kitab oxumaqla keçirir. Orxan da buranın çoxdankı sakinidir. Tək arzusu isə sağlam olub, ailəsi ilə birlikdə yaşamaqdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qururlan müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb.
Azərbaycanda 460 min əlilliyi olan insan yaşayır. Onların 23 faizini 1-ci qrup əlillər təşkil edir. Təqribən 7 min nəfər əlil arabası istifadəçisidir.
Nazir deyib ki, artıq bir neçə müəssisəyə baş çəkib. Yollarda əlillərin hərəkət etməsi və nəqliyyatdan istifadəsi üçün şəraitin olmaması üzündən, onlar cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayırlar. Bununla bağlı fiziki qüsurlu insanlar Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinə məktubla müraciət də ediblər. Nazir bildirib ki, bununla bağlı müvafiq tədbirlərə başlanılacaq.
İnternat evində incəsənət ustalarının iştirakı ilə uşaqlar üçün musiqili-əyləncəli konsert proqramı təqdim edilib. /APATV/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?