Mirvari Qəhrəmanlı: «Biz uzun müddətdir ki, ARDNŞ-də ştatın süni şəkildə şişirdildiyini bəyan edirik» Son zamanlar ARDNŞ-də növbəti ixtisarlar mətbuatın gündəmindədir. Hətta vəziyyət o həddə çatıb ki, hakim partiyanın üzvü olan 58 nəfər də ARDNŞ-dən işdən azad edilib. Amma Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bu məsələyə aydınlıq gətirilib və bəyan olunub ki, işdən azad olunanlar digər işlərlə təmin ediliblər.
ARDNŞ-də bu istiqamətdə baş verən proseslər barədə məlumat almaq üçün hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya müraciət etdik. M.Qəhrəmanlı ixtisarlar barədə ARDNŞ rəhbərliyindən verilən məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. Hazırda şirkətdə ciddi struktur islahatlarının getdiyini deyən M.Qəhrəmanlı vurğuladı ki, əslində baş verənlər gözlənilən idi: «Biz uzun müddətdir ki, bəyan edirik ki, ARDNŞ-in ştatı süni şəkildə şişirdilir. Çünki şirkətdə bir-birini təkrar edən, heç bir ehtiyac duyulmayan kifayət qədər idarələr var. Hazırda şirkətə daxil olan bir çox idarələr ARDNŞ-in tərkibində olmamalıdır. Bu idarələr müstəqil şəkildə fəaliyyət göstərməlidir. Məndə olan məlumata görə Təhlükəsizlik, Sosial İnkişaf, Mədəni Maarif İşləri ilə məşğul olan idarələr ARDNŞ-in tərkibindən çıxarılacaq. Hazırda ARDNŞ-də vəziyyət belədir ki, «Azəriqaz»ın tərkibindəki idarələr də öz daxilində birləşməklə çoxlu sayda insanın işdən azad olunması ilə nəticələnəcək. Bu sayda işsizin yenidən işlə təmin olunması qeyri-mümkündür. Artıq şirkətdə atestasiyaya hazırlaşırlar. Dövlət Neft Şirkətindən bildirilir ki, işçilərin bilik bacarığının qiymətləndirilməsi aparılacaq və ARDNŞ-in təlabatına uyğun olaraq ən yaxşı işçilər işlə təmin ediləcək. Məni narahat edən odur ki, ARDNŞ-də bir-birinin qohumları olan işçilər çoxdur və nəticədə bilikli adamlar işdən azad ediləcək, «arxalı» şəxslər isə iş yerlərində qalacaqlar». ARDNŞ-də ciddi strutur dəyişikliyinin növbəti ilin yanvarından başlayacağını deyən M.Qəhrəmanlı vurğuladı ki, hazırda baş verən xırda ixtisarlar iri ixtisarlara hazırlıqdır.
Baş verənlərlə bağlı ARDNŞ-in mövqeyini öyrənməyə çalışsaq da iş günü olmadığından cəhdlərimiz nəticə vermədi. (azadliq.info)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?