Dekabrın 8-də MİRAS İctimai Birliyinin internet səhifələrinə erməni hakerlərinin kiberhücumları olub. Nəticədə birliyə məxsus 3 internet səhifəsi - www.miras.az, www.archaeotourism.az, www.seyidyahyashirvani.az - demək olar ki, tamamilə dağılıb.
Ermənilər saytlarda öz bayraqlarını yerləşdirib, bütün azərbaycanlıların adına təhqiramiz ifadələr yazıblar. Birliyin bununla bağlı yaydığı məlumatda bildirilir ki, Ermənilərin mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğindən bəhs edən bu internet səhifələri hədəfə alması artıq bu sahədə təhlükə hiss etmələrindən irəli gəlir.
Hər üç internet səhifə İmage Company tərəfindən hazırlanıb və həmin şirkətə məxsus serverlərdə yerləşir. MİRAS İctimai Birliyinin internet səhifələri ilə yanaşı Azərbaycan Dil Qurumunun www.adq.az səhifəsi də hakerlərin hücumuna məruz qalıb.
Mütəxəssislər hücumun artıq başa çatdığını, hakerlərin dağıdıcı fəaliyyətdən sonra getdiklərini, yaddaşın tamamilə məhv edildiyini, həmin səhifələri bərpa etməyin çətin olduğunu qeyd ediblər. Gəlinən qənaətə görə, hakerlər səhifələr üzərində uzun müddət müşahidə aparıb və belə dağıdıcı zərbə vurublar.
İmage Company rəhbərliyi hesab edir ki, bu, ermənilərin sadəcə Azərbaycan internet səhifələrini dağıtmaq istəyindən irəli gəlmir. Çünki dağıdılan səhifələr Azərbaycanın dili, mədəniyyəti, tarixi yerləri ilə bağlı olan səhifələrdir. Görünür, bu, ermənilərin düşünülmüş kampaniyasıdır və Azərbaycanın mədəniyyəti ilə bağlı səhifələrin dağıdılması planlı işdir. Hal-hazırda bütün adı çəkilən səhifələr qapalıdır və üzərində bərpaetmə işləri aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?