Süd vəzisi xərçəngindən əziyyət çəkən Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarovanın səhhəti daha da ağırlaşıb. O, açıqlamasında ayaqlarının tutulduğunu, artıq gəzə bilmədiyini deyib:
“Bilirsiz ki, mən süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirmişəm. Hər iki döşümü amputasiya ediblər, qadınlığımı götürüblər. Yəni mən bədənimin cəmi dörddə bir hissəsi ilə yaşayıram. Bir neçə gün öncə İstanbula getdim. Orada həkimlər baxıb, dedilər ki, bu xəstəlik indi də sürətlə sümüklərimdə inkişaf edir. Əgər vaxtında müalicə olunmasam, xərçəng daxili orqanlarıma keçə bilər.
Orada mənə söylədilər ki, aparatda müalicəmin qiyməti 10 min dollardır. Hansı ki, mən şüa aparatından keçməliyəm, həmin aparatdan Azərbaycanda yoxdur. Xəstəlik hansı nöqtələrdədirsə, şüa o hissələrə vurulacaq və digər orqanlarıma ziyanı olmayacaq. Bunun üzərinə xəstəxana və oteldə qalmaq pulunu əlavə edəndə, hardasa mənə 12-13 min dollar pul lazımdır. Aktrisayam, bu məbləğ imkanım xaricindədir. Həmin aparatla bədənimə şüa verilsə, xəstəliyin mənbəyi qurudulub, yandırılacaq, ağrılarım dayanacaq. Amma indi gündəlik dərmanlarımı atıram, sümüyüm üçün aylıq iynəmi vurdururam”.
Aktrisa yeriyə bilmədiyi üçün çalışdığı Musiqili Teatra getmədiyini bildirib:
“Türkiyədən dekabrın 6-da gəlmişəm. Hərəkətsiz qalmışam, tam yeriyə, gəzə bilmirəm. Ayaqlarımın, bədənimin gücü tamam azalıb. Teatrdan məni məşqə çağırırlar, deyirəm ki, xəstəyəm, gələ bilmirəm. Efirə çağırırlar, deyirəm ki, xəstəyəm, gələ bilmirəm, hərəkət edə bilmirəm.
Fikrim var ki, səhhətimlə bağlı bəzi qurumlara kömək üçün müraciət edim. Allah eləsin ki, məktub dəqiq ünvanına gedib çatsin”./gun.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?