ABU-nun sabiq rektoru Elşad Abdullayevin ittihamları əsasında həbs olunmuş keçmiş millət vəkili Gülər Əhmədova və iş adamı Arzu Kazımov məhkəmə tərəfindən 3 il azadlıqdan məhrum edildi. Müdafiə tərəfləri isə Elşad Abdullayevin özünün məhkəmədə ifadə verməməsi və ölkəyə gətirilməməsindən şikayətlənir.
Arzu Kazımovun vəkili Ramiz Zeynalov Hafta.az-a açıqlamasında Elşad Abdullayevlə bağlı Fransa prezidentinə 3 dəfə müraciət etdiyini bildirib:
“Azərbaycan Respublikası da ekstradisiya haqqında Avropa İttifaqının konvensiyasına imza atıb. Elşad Abdullayevin Azərbaycana təhvil verilməsi haqqında mənim məktubuma Fransa prezidentinin dəftərxanasından 2 dəfə cavab gəldi və 2 dəfə də onu orada dayandırıblar. Amma ona həm burada, həm də xaricdə havadarlıq edən adamlar var. Verilən sənədlərin təqdimatını Baş Prokurorluq etməlidir. Məndə olan məlumata görə isə Baş Prokurorluq onun ekstradisiyası haqqında sənədələri artıq Fransa hökumətinə təqdim edib. Çox güman ki, yaxın gələcəkdə Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunması məsələsi həll olunacaq”.
Ramiz Zeynalov deyir ki, sabiq rektor həm də interpol xətti ilə axtarışda olduğu üçün ölkəyə verilməlidir:
“Çünki onun barəsində orqan mafiyası və 10 minə yaxın tələbənin rüşvət məsələsi də var”.
Bir neçə gün bundan əvvəl isə deputat Zahid Oruc da Elşad Abdullayevin dindirilməsi məsələsinə münasibət bildirib:
“Baş Prokurorluq Elşad Adbullayev barəsində açdığı cinayət işini sadəcə neytral bir vəziyyətdə saxlamaqla kifayətlənməməlidir və lazımi işləri görməlidirlər. Açıq-aşkar dəyərləri cinayət məsuliyyəti doğuran bu şəxsin himayədarları xeyli dərəcədə Azərbaycan əleyhinə olan dairələrdir”.
Sabiq rektor da öz növbəsində Zahid Oruca belə cavab verib:
“Mənim Zahid Oruc kimi adamların nə fikri ilə tanış olmağa, nə də ona cavab verməyə vaxtım yoxdur. Hər halda bu fərari deputatı Azərbaycan xalqı tanıyır”.
Sorğu
Yeni dizaynımız necədir?