Məhkəmə prosesi saat 11-ə təyin edilib. Hakim vaxtında məhkəmə zalına daxil olur və dərhal da hansısa vəkilin səbəbi ilə prosesin təxirə salındığını bildirir. Məhkəmə zalındakı dəmir barmaqlığın bir küncünə çəkilib yazmağa başlayıram.
29.11.2013-cü il (Şəki Ağır Cinayətlər Məhkəməsi)
Bu ölkədə başda seçkilər olmaqla çox şey saxtalaşdırılır. Onlardan biri də açılış lenti ilə bağlı olan saxtakarlıqdır. İlham Əliyevin bölgələrə səfəri zamanı 2-3 ildir ki, fəaliyyətdə olan sahibkarlıq obyektlərinin, guya indi işə salınırmış kimi açılış lentini kəsdiyinin çox şahidi olmuşuq. Amma elə də olur ki, lent kəsilir, ancaq obyekt istifadəyə verilmir. Bunlardan biri də Şəkidəki pentensiar müəssisədir. Belə ki, hələ yayda ilham Əliyev Şəkidə səfərdə olarkən bu müəssisənin açılış lentini kəsdi. Açılış lentinin kəsilməsi isə bu müəssisənin işə düşməsi, istismara verilməsi deməkdir. Amma hanı? Mənə qarşı qaldırılmış, həyasızlığın, absurdluğun və adalətsizliyin zirvəsi sayılacaq qondarma cinayət işinə görə, guya bu ilin yanvarında baş vermiş İsmayıllı hadisələrində mənim də iştirakım olub (Bir az səbir edin, məhkəmədə prokurorluğu nə günə qoyacam). Qanunsuz olaraq həbs edilmişəm. Guya istintaq aparılırmış deyə məni 9 ay Bakı İstintaq Təcridxanasında saxladılar. PA-dan gələn göstəriş əsasında cinayət işinin istintaqı başlandığı kimi də yekunlaşdı, ərazi üzrə İsmayıllı hadisələrinin məhkəmə prosesi Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilməli olduğundan, məni, İlqar Məmmədovu və bu işdə təqsirləndirilən digər 17 nəfəri Gəncə İstintaq Təcridxanasına köçürdülər. Bayaq dediyim kimi, Şəki Təcridxanasının açılış lenti kəsilsə də istifadəyə verilməyib. Ona görə də hər məhkəmə prosesində bir tərəfə təxminən 200 km yol getməli oluruq. Çox narahat maşında bu cür uzun yolçuluqdan sonra birbaşa prosesə qatılmaq və keyfiyyətli müdafiə qurmaq çox çətindir. Bu yaxınlarda “Yeni Müsavat”a verdiyim müsahibəmdə demişəm, nə Bakıda, nə də Gəncədə təcridxana əməkdaşları tərəfindən mənə qarşı heç bir qanunsuz hərəkət olmayıb. Mövcud rejim qaydaları çərçivəsində normal münasibət görmüşəm, amma Gəncədəki şəraitsizlik dillə deyiləsi deyil. Bunun üstünə ATV sitəmini gələndə vəziyyət daha da dəhşətli olur. Aydınlıq üçün deyim ki, təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti ilə bağlı Avropanın tələb və şərtlərinə əsasən Azərbaycan da özünün penitensiar müəssisələrinin azdan-çoxdan mövcud standartlara yaxınlaşdırır, bu proses davam etməkdədir. Elə təqsirləndirilən şəxslərin saxlandığı kameralarda televizorların quraşdırılması da həmin tələb və şərtlərin yerinə yetirilməsi nəticəsində mümkün olub. Bakıda bu məsələləri daha optimal həll edirlər. Hər kameraya televizorun pultunu da verdilər ki, məhbuslar yayımlardan, yerli kanallardan hansına istəsələr baxsınlar. Çox doğru yanaşma idi. Çünki saxlanılan 2-3 min məhbusun hamısı eyni kanala və ya verilişə baxmaq istəmələri mümkün deyil. Gəncədə isə vəziyyət tamam başqadır. Burada ATV diktaturası var. Təsəvvür edin ki, bu müddətdə ATV şəxsən mənə elə zülm edib ki, Az.TV-nin həsrətini çəkirəm. Fikri verin, Tofiq Yaqublu Az.TV- nin həsrətini çəkir!!! Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsindən tutmuş burada təmasda olduğum hər bir əməkdaşla bu məsələni danışmışam. Xeyri olmayıb. Təcridxana əməkdaşları deyirlər ki, guya məhbusların əksəriyyəti bu kanalı istəyir. Mən istisna etmirəm ki, bu kanalı da istəyənlər var. Elə mən özüm də arada bu kanala baxardım. Ancaq bu ağ yalan və saxtakarlıqdır. Belə ki, hər dəfə məhkəməyə gedib gəldikcə, müxtəlif məhbuslarla az müddətdə olsa da görüşüb söhbət etmək imkanım olub. Hələ bir nəfər də olsun ATV-ni arzulayan məhbus görmədim. Əksinə, məlum oldu ki, onların hamısı mənim kimi bu kanalın əlindən qan ağlayırlar. Seçim olmayanda ən sevimli kanal da adamı bezdirir. Axı bütün məhbusların bu kanalı istədiklərini hardan bilirlər? Belə çıxır ki, rəy sorğusu keçirilir. Ancaq nə məndən, nə də rəyini soruşduğum digər məhbuslardan kanal seçimi ilə bağlı heç kim, heç nə soruşmayıb. Həbsxanada xüsusi xarakterli insanlar olur, yəni əksəriyyəti cinayət törətmiş şəxslərdir. Bu tip insanların ATV- də hər gün səhər mətbəx, dalınca qızların geyinmək və necə makiyaj etmək haqqında verilişinə baxmaq istəmələri heç inandırıcı görünmür. Arı-ayrı fərdlərin və ailələrin həyat faciələri haqqında olan “Ümid var” proqramı da eləcə. Bu kanalın xəbərlər xidməti tamaşaçılara zay məhsul sırıyır. Avtonəqliyyat qəzalarından xəbər düzəldib yayımlamaq baş qatmaqdan başqa bir şey deyil. Məsələn, bu kanalın Ukraynada gedən hadisələr haqqında verdiklərini bir yerə yığsan, təkcə bir verilişdə avtoqəzalar haqqında verilən xəbər qədər olmaz. Kanalın xəbərlər buraxılışında demək olar ki, idmana yer ayrılmır. Ancaq axşam saat 21:00 buraxılışında cəmi 1-2 dəqiqə verirlər. Bəla burasındadır ki, heç o 1-2 dəqiqəyə də həmişə baxmaq olmur. Sanki qəsdən gözləyirlər, xəbərlər, onun dalınca da uzun-uzadı reklamlar qurtarır, elə ki, idman xəbərləri başlayır, dərhal mərkəzdən kanalı KəpəzTV-yə dəyişdirirlər. İki-üç dəqiqə saxlayıb idman xəbərləri qurtarandan sonra yenidən ATV –yə çevirirlər. Bir sözlə, dillə deyiləsi deyil. Bakıda olanda futbola, aşığa, muğama, yaxşı filmlərə baxmaq üçün yaxşı imkanımız var idi. Kitab oxuyanda və ya istirahət edəndə isə, televizoru söndürmək imkanımız var idi. İşə baxın ki, burada televizoru söndürmək imkanımız yoxdur, çünki pult verməyiblər. Televizorun bütün düymələrini çıxarıblar. Yalnız səsi artırıb- azaldan düymələr qalıb. Uzaqbaşı televizorun səsini batıra bilirsən, ancaq onu söndürə bilməzsən. Kamera balaca olduğundan, hətta səsi çıxmayan televizor hər an adamın gözünə sataşır. Bununla da əsəblər gərilir, fikirlər dağılır və s. ATV diktaturası da davam edir. Necə ki, Xəlil Rza deyirdi: Davam edir 37,
Daha kəskin, daha ciddi!
Bayaq dediyim kimi, rastlaşdığım irili-xırdala hər həbsxana əməkdaşına bu problem haqqında demişəm. ATV-nin niyə belə mataha çevrilməsinin sirrini soruşmuşam. Onlardan biri mənə dedi ki, ATV-nin hər kəsi yorduğunu bilirik, amma məsələ bizlik deyil, Ədliyyə Nazirliyindən məcbur edirlər. Düzü ağlabatan şeyə oxşamır, digər tərəfdən də bu qədər xahiş-minnətdən sonra yenə də ATV –ni dəyişmirlərsə inanmayıb neyləyəsən? Çox ironik səslənsə də tam səmimi deyirəm: bilirəm ANS-i verməzsiniz, nə olar, Az.TV-ni bizə çox görməyin!
Sorğu
Yeni dizaynımız necədir?