Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Iclasda iki məsələ - "2014-cü ilin 1-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının və cari məsələlər müzakirə edilib.
Fondun icraçı direktoru Vüqar Səfərli qurumun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verib. O, həmçinin KİV layihələrinin maliyyələşdirilməsi şərtlərində bəzi dəyişikliklərin edilməsi zərurətini də qeyd edib. Bildirib ki, əvvəllər layihələrin icrası üçün 6 ay müəyyən edilirdi. KİV dinamik sahə olduğundan və intensiv dəyişikliklər qarşıya çıxdığından, layihələrin icra müddətinin 3 aya endirilməsi, buna uyğun olaraq müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə keçirilməsi məqsədəuyğun olardı.
V. Səfərli onu da bildirib ki, Fondun ötən dövrdə ayırdığı maliyyə yardımları ölkə KİV-nin texniki imkanlarının, dövriliyinin və tirajlarının artımına ciddi təsir göstərib. Bunu nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyən KİV-lər üçün tiraj və yayımla bağlı müəyyənləşdirilən şərtlərin dəyişdirilməsi, hər buraxılışın satış və ya abunə yolu ilə yayılması həddinin 750 nüsxədən 1000 nüsxəyə, tirajın isə 2000 nüsxədən 2500 nüsxəyə çatdırılması məqbul olardı.
Müşahidə Şurasının üzvləri təqdim edilmiş təkliflər ətrafında müzakirə aparıblar. Müşahidə Şurasının üzvü Əflatun Amaşov qeyd edib ki, iki il əvvəl müsabiqə şərtlərinə edilmiş əsaslı dəyişikliklərin, eyni zamanda göstərilən maliyyə dəstəyinin artırılması KİV-in inkişafına ciddi müsbət təsir göstərdiyi üçün yeni müsabiqə şərtlərində tiraj və yayımla bağlı dəyişikliklər edilməsi realdır. Bununla yanaşı, Ə.Amaşov maliyyələşmə ilə keçirilən müsabiqələrin ildə 2 dəfə deyil, 4 dəfə olmasının da məqsədəuyğunluğunu vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?