Keçmiş DSMF sədri nədən Aydan düşmüş kimi danışır?
Nazir dəyişilıkləri xalqımız üçün çoxdankı arzulardan olsa da, bu yaxınlarda cəmi 3 nazirin, o cümlədən təhsil, müdafiə və əmək və əhalinin sosial müdafiəsı nazirlərinin yeniləri ilə əvəz olunması müəyyən ümidlər yaratdı. Amma hər nazir əməldən işə keçmək əvəzinə gələcəkdə etimadlarını doğruldub-doğrultmayacağından asılı olmayaraq, mənasız kadr seçimi ilə məşğuldur. Hazırda da belə bir prosesin öncüllərindən biri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovdur. Xatırladaq ki, onu pensiya və təqaüdlərin artırılmasında daim maneə yaratmış şəxs kimi də tanıyırlar. Hələ, DSMF sədrliyi zamanı yerlərdə baş alıb gedən korrupsiya və rüşvətxorluq kulminasiya nöqtəsinə çatmışdır. Hələ ki, izlərin üstünü “qar örtməyib”. Onun rəhbərliyi dövründə rayon şöbələrində müxtəlif adda “maxinasiyalar”la özünə və ətrafına küllü miqdarda gəlir gətirməsi haqqında kifayət qədər dəlillər vardır. Səlim Müslümovun yerlədə rəhbər qoyduğu hansı bir kadr təmiz əyləşib ki, indi Aydan düşmüş kimi danışır? Pensiya fondunda çalışanların sıravi bir işçisinsin 4-5 yerdə ev-eşiyi, bahalı maşınları , dəbdəbəli həyat şəraiti , görəsən hansı “əməkhaqqı” hesabına imiş? Bəs onda Səlim Müslümov hara baxırdı? Qisməti onda gətirdi ki, ölkə başçısı onu nazir təyin etdi. Yoxsa, bəlkə də ölkədə o, ən birinci yoxlanılası məmurlardan idi. Bu gün isə nazir vəzifəsinə keçən gündən sabiq nazir Füzuli Ələkbərovda “can” qoymayıb. Hər kəlməsində addımbaşı nəyısə yoxlatdırmaqla, pislik nöqteyi-nəzərindən nəyisə edəcəyindən danışır. Belə çıxır ki, neçə illərdi ki, Füzuli Ələkbərovun qoyduğu-tutduğundan prezidentin, baş prokurorun və bu ölkədə vasitəçilik edənlərin xəbəri “yox” imiş. Səlim Müslümovun danışıqlarından belə çıxır ki, o, “pul fondunda” son günə kimi tam şəffaf işləyib. Belə yerdə deyirlər ki, “inanan daşa dönsün!” Bu da Azərbaycana xas olan qərəzçılık üsuludur ki, yeni gələn o birinin əleyhinə danışır. Vaxt, zaman gələcək ki, Səlim Müslümov “baltaldığı” kimi onu da “baltalayacaqlar”... Nazirin söylədikləri ifadələrin uzağı 1 il “saxlanılma müddəti” vardır. O gün bir neçə əlil parkda əyləşib, məhz elə bu söhbətlərdən danışırdılar ki,”bu təzə nazir də nə düşüb əlillərin üstünə... Yaxşı olardı ki, əgər gücü çatırsa əlillərin və pensionerlərin pensiyasını qaldırmaqla məşğul olsun. Gələndən qərəzçiliklə məşğul olur: birini zaldan qovur, o birini hədələyir, birini də yoxlatdırır və sairə”. Ən azından biabıçılıqdır. Bu günkü təqaüd və pensiyalar bir şeyə yaramadığı halda nazirin danışmağa söz tapması özünə qarşı narazılıq yaradır. Unutmayaq ki, prezidentin özünün söylədiyinə görə o, hər şeydən xəbərdardır. Nə bilmək olar, bəlkə də Səlim Müslümovun qərəzli şəkildə danışıqları prezidentin özünə də xoş gəlmir. Fikir verin, danışanda ölkəmizi inkişaf edən ölkələr sırasına qoyuruq. Həmin inkişaf etmiş ölkələrdə təzə seçilən prezident əvvəlkinə çox böyük ehtiramla yanaşır. Amerikada işləmiş bütün prezidentlərin şəkilləri Ağ evin divarından asılıb. Bəs bizdə? Bax elə bu səbəbdən, yəni keçmişimizə güllə atdığımıza görə tarix bizi bağışlamayacaq! Müsahibələrindən birində Səlim Müslümov əlillərə onlar üçün inşa edilmiş mənzillərin satılmasında da Füzuli Ələkbərovu suçulayır. Daha demir ki, ola bılər sabiq nazir tikintisindən”yeyeə” bilər. Lakin, mənzil paylanışını Füzuli Ələkbərov deyil, yerlərdə icra hakimiyyələri həyata keçirir. Bəli, bizim də xəbərimiz vardır. İcra hakimiyyəti hər otağa nə qədər qiymət qoyması hamıya məlumdur. Sosial yardım məsələsində də yerlərdə oyunlar açılır. Sabiq naziri onda günahlandırmaq mümkündür ki, vətəndaşların şikayətlərinə laqeyd yanaşırdı. Bunun da məsuliyyəti aidiyyəti şöbələrin üstünə düşür. Məşğulluq xidmətləri tam qeyri işlək fəaliyyətdə olub. Məşğulluq mərkəzlərində illərlə növbəyə duran ali təhsillilər hələ də işsizdir. Bu ölkənin bütün rayonlarında belədir. Adi süpürgəçilık də icra hakiminin tapşırığı əsasında həyata keçirilir. Həmin vasitə ilə işə düzələn, yalnız idarə və müəssisəyə “xala xətrin qalmasın”-deyə mərkəzdən guya orada növbədə durması haqqında arayış gətirilir. İdarə və müəssisə müdiri sonra məşğulluq mərkəzinin müdirləri ilə “hesablaşırlar”. Gəlin görək hazırkı nazir bu işə necə yanaşacaq? “ Keçənə ğüzəşt deyərlər”-söyləyib atalar. Yaxşı olar ki, cənab nazir Səlim Müslümov milləti üstünə qaldirib, onsuz da vəziyyəti günbəgün ağırlaşan imkansız və fağır-füqəraların səbr kasasını daşdırmasın. İşini qərəzçilik mövqeyində deyil, özünün intellektual səviyyəsi çərçivəsində qursun. İynə və dərmanlara pul tapmayan minlərlə xəstələrin dərdi azdırmı ki, bir tərəfdən də Səlim Müslümov təzyiqlərə məruz qoyur. Yekunda isə məsələyə belə yanaşırıq: “Görünəm dağın dibi yaxın olar”. İlham Hacalı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?