Azərbaycanda tanınmış teleaparıcı dələduzluqda ittiham olunur.
Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfində təhqiqat araşdırması aparılıb.
Araşdırma nəticəsində E. Əlibəylinin əməlində dələduzluq faktı aşkarlandığından iş baxılması üçün istintaqa verilib.
Hələlik fakt üzrə cinayət işi başlanmayıb.
Elçin Əlibəyli APA-ya açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: “Burada bir anlaşılmazlıq olub. Mən bir şirkətlə çalışmışam, o şirkətin işidir. Sadəcə, yanlış olaraq iddia mənə qarşı qaldırılıb. Mən araşdırma aparıb aydınlaşdırdıqdan sonra açıqlama verəcəyəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?