Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişikliklər edilib. Dəyişiklik avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsinə dövlət nəzarəti ilə bağlıdır.
Dövlət nəzarəti Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilir. İndiyə qədər sərnişin daşınması şərtləri pozulduqda, sərnişinlərin həyat və sağlamlığına zərər vurulduqda, sərnişin daşımaları sahəsində digər normativ hüquqi aktların tələbləri müntəzəm olaraq yerinə yetirilmədikdə, müntəzəm marşrutlar üzrə sərnişin daşımalarında mütəmadi olaraq hərəkət cədvəlindən normativdən artıq kənaraçıxmalara yol verdikdə, habelə hərəkət sxeminə riayət etmədikdə və mülki məsuliyyətin və sərnişinlərin icbari sığortasına dair tələbləri pozduqda nəzarət edən şəxsin tərtib etdiyi akt əsasında daşıyıcı xəbərdar oluna və ya daşımalardan kənarlaşdırıla bilərdi.
Dəyişikliyə əsasən, bundan sonra sərnişin daşımalarına dair bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə, sərnişin daşınması şərtləri pozulduqda, sərnişinlərin həyat və sağlamlığına zərər vurulduqda, sərnişin daşımaları sahəsində digər normativ hüquqi aktların tələbləri mütəmadi olaraq yerinə yetirilmədikdə, mülki məsuliyyətin və sərnişinlərin icbari sığortasına dair tələblər pozulduqda, müvafiq sənədlərin olmaması səbəbindən nəzarət edən şəxs dövlət nəzarəti tədbirlərini həyata keçirə bilmədikdə nəzarət edən şəxsə tərtib etdiyi akt əsasında daşıyıcını xəbərdar etmək və ya daşımalardan kənarlaşdırmaq hüququ verilib.
Eyni zamanda, daşıyıcıya məxsus avtonəqliyyat vasitəsi xüsusi texniki vasitələr tətbiq edilməklə daşımalardan kənarlaşdırıldıqda, onun qorunub saxlanılması Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumları tərəfindən təmin ediləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?