“Caspian Mobile” şirkətindən telefon zənginə cavab: “Bizə rəhbərliyin kimliyi barədə danışmaq və adını çəkmək qəti qadağan olunub...”
“Son günlər mobil telefonlardan, əsasən də “BlackBerry” modelindən şikayətlər daxil olur”. Açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Hüquq müdafiəçisi bildirdi ki, rəhbərlik etdiyi quruma müraciət edən şikayətçi “Azercell”in Fəvvarələr meydanında yerləşən ofisindən 499 manata “BlackBerry” modelli telefon alıb: “Şikayətçinin “Azercell”in rəsmi mağazasından bu ilin noyabrın 8-də aldığı telefon işləməyib. Mağaza telefonu eyni markalı yeni telefonla əvəzləyib. Lakin bu telefon da işləməyib”.
E.Hüseynovun sözlərinə görə, mağazaya müraciət edilib. Lakin mağazadan problemi “Blackberry”ni ölkəyə gətirən şirkətin həll etməli olduğunu deyiblər: “Hazırda məsələ ilə bağlı araşdırma aparırıq. “BlackBerry” modelini Azərbaycana “Caspian Mobile” şirkəti gətirir”.
Virtualaz.org saytının əməkdaşı qarşı tərəfin mövqeyini dərc etmək üçün şirkətlə əlaqə yaratmağa cəhd edib. Lakin olduqca müəmmalı vəziyyətlə qarşılaşıb. Şirkətin rəsmi saytında yerləşdirilmiş əlaqə nömrəsinə cavab verən şəxs müştərilərin, eləcə də mətbuat nümayəndələrinin suallarının cavablandırılmasının rəsmən qadağan edildiyini bildirib.
Bəs “Caspian Mobile” rəhbərliyi ilə danışmaq necə, mümkün ola bilər?
Şirkət əməkdaşının müxbirimizin bu sualına cavabından məlum oldu ki, onlara ümumiyyətlə şirkət rəhbərliyinin kimliyini açıqlamaq və bu barədə danışmaq da qadağandır.
Beləliklə, bütün cəhdlərə baxmayaraq şirkət rəhbərliyinin, hətta menecerlərin də adları açıqlanmayıb. Belə məlum olub ki, Azərbaycanın “ağıllı telefon” bazarında liderlik edən şirkət ümumiyyətlə məxfidir və yüksək dərəcədə qapalıdır. Bu isə dərhal çoxsaylı şübhələrə yol açır. Axı mobil telefon aparatlarının satışı məxfi biznes və fəaliyyət növü sayıla bilməz. O zaman “Caspian Mobile” şirkəti rəhbərliyinin kimliyi niyə gizlədilir?
Şirkətin rəsmi saytında da rəhbərlik barədə hər hansı informasiya mövcud deyil. “Caspian Mobile” şirkətinin rəsmi internet saytında şirkət haqqında yalnız bu məlumatlar yerləşdirilib: ““Caspian Mobile” şirkəti 1998-ci ildə yaradılmışdır. Şirkət ilk olaraq Azərbaycan bazarına “Motorola” mobil telefonlarını təqdim etmişdir. İllər ötdükcə “Caspian Mobile” uğurla istehsalçıdan istehlakçıya olan zənciri uğurla qurmuşdur. Hazırda “Caspian Mobile” Azərbaycan bazarının ən böyüк İT distrbutor şirkətlərindən biridir”.
Şirkət Azərbaycana “Apple”, “BlackBerry”, “HTC”, “Sony”, “Philips” və “Be” məhsullarını gətirir. Bundan başqa, “Apple”, “Samsung”, “Sony” planşetləri, “Sony”, “HTC”, “iPhone”, “BlackBerry” aksesuarları bu şirkət tərəfindən gətirilərək mağazalara paylanılır.
Məlum olur ki, bundan əvvəl də ölkə mətbuatında “Caspian Mobile”nin ölkəmizə gətirdiyi nümunələrdə ciddi qüsurların olduğuna dair məlumatlar yazılıb.
Eyyub Hüseynov deyib ki, ona ”BlackBerry“nin Azərbaycana tanınmış iş adamlarından biri tərəfindən gətirildiyinə dair məlumatlar verilir. Belə məlumatlara əsasən bu biznesə hansısa formada Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu İlham Rəhimovun da bağlılığı var. Amma bu, yalnız qənaətlərdən biridir...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?