Yaxud Bəşirov qardaşlarının qara biznesi dövlət qəzetində necə himayə olunur?
Rəsmi dövlət qəzeti olan "Azərbaycan” qəzeti "Mətanət A” şirkətinin vitse-prezidenti Fuad Bəşirovla müsahibə dərc edib. ""Mətanət A” – uğurlu sahibkarlıq nümunəsi” adlı müsahibədə şirkətin uğurlarından, istehsal prosesinin təşkilindən və s. pozitiv göstəricilərindən gen-bol bəhs edilir. Ancaq F.Bəşirov müsahibəsində şirkətə və şəxsən özünə yönəlmiş mediada səslənən ittihamlara heç bir cavab verməyib. Bir neçə gün öncə isə elektron mediada şirkətdəki mənbələrə istinadən məlumat yatmışdı ki, "Mətanət A” şirkətinin sahibi Elxan Bəşirov və onun qardaşı Fuad Bəşirovun əməlləri müəssisədə dözülməz mühit yaradıb . Həmin informasiyalarda iddia olunurdu ki, narazı işçilərə qarşı şər-böhtan kampaniyası aparılır, həbslə hədələnirlər. Şirkətdə küllü miqdarda vergidən yayınma halları var və Əmək Məcəlləsi burada faktiki olaraq işləmir. Məlumatlara görə, Bəşirov qardaşları məşhur offşor zonası olan Vircin adalarında "INTERKOMMERS” LTD-nin (Akara Building, 24 De Casto Street, Wickhams Cay I, Road Town, Tortola British Virgin Islands) adlı şirkət də qeydiyyatdan keçirib. "INTERKOMMERS” LTD Elxan Bəşirov və onun ortağı "Mətanət A” şirkətinin vitse-prezidenti Vüsalə Quliyevanın adına rəsmiləşdirilib. "INTERKOMMERS” LTD vasitəsilə ilə vergidən yayındırılan milyonlar ölkədən çıxarılır. Bu şirkət vasitəsi ilə çirkli pulların yuyulması barədə də iddialar var. Mənbə deyir ki, "Mətanət A” şirkətlər qrupuna bir neçə firma daxildir: "VIL CONSTRACTION” MMC, "XRAM” MMC, "AĞDAĞ” MMC, "ZƏRİNQALA” MMC, "UZUNÖMÜRLÜLƏR” MMC və "EFFEKT” MMC-ni göstərmək olar. Adları çəkilən şirkətlər Azərbaycanda yerləşir. Şirkətin bundan əlavə Gürcüstanda "Georgia Matanat-A” LLC, Rusiyada OOO "ŞPAK” adlı törəmə müəssisləri fəaliyyət göstərir. "Mətənət A” şirkətlər qrupuna daxil olan bir çox firmalar kütləvi şəkildə vergidən yayınır. Vergi müfəttişləri də vergi cinayətlərini məharətlə ört-basdır edir. "Mətanət A” şirkətlər qrupuna daxil olan MMC-lər hər il Vergilər Nazirliyinə məktub yazır ki, fəaliyyətləri olmayıb. Məsələn, "VIL CONSTRACTION” MMC nəhəng dövriyyəsinə baxmayaraq fəaliyyətinin olmadığını "iddia edir”, vergi müfəttişləri də bununla "razılaşırlar”. "VIL CONSTRACTION” əslində iri layihələr maliyyələşdirir. Sözügedən sayta "VIL CONSTRACTION” şirkətinin fiziki və hüquqi şəxslərlə imzaladığı müqavilələrin surəti də təqdim edilib. Məlumatlarda bildirilir ki, "Mətanət A”nın təsisçisi Elxan Bəşirovun ortağı Vüsalə Quliyevə Həmkarlar İttifaqları Konfederasiyasının (HİK) probleminə çevrilib. "Mətanət A” şirkətinin vitse-prezidenti olan Vüsalə Quliyeva eyni zamanda şirkətin həmkarlar ittifaqına da rəhbərlik edir. Ancaq 2004-cü ildən bəri sözü gedən şirkət Həmkarlar İttifaqı Konfederasiyasına üzvlük haqqını ödəmir. Bundan başqa rəhbər şəxsin həmkarlar ittifaqına başçılıq etməsi qanunvericiliyə ziddir. Bu məsələlərlə bağlı HİK-dən şirkətə xəbərdarlıq məktubu da göndərilib. Ancaq şirkət rəhbərliyi buna məhəl qoymayıb. Mənbənin iddiasına görə, "Mətanət A” şirkətində işçilərdən izahı mümkün olmayan depozit pulu yığılır. Şirkətdə çalışan hər işçinin aylıq əmək haqqından 10-15 faiz depozit pulu tutulur. Hansı səbəbdən 10-15 faiz depozit pulunun tutulması barədə isə heç kimə izahat verilmir. Uzun illər şirkətdə çalışan işçilərdən tutulan depozit pullarının miqdarı kifayət qədər böyük məbləğ təşkil edir. İşçi şirkətdən çıxdığı və yaxud başqa şirkətə keçdiyi halda həmin pullar ona verilmir. E.Bəşirov müxtəlif bəhanələrlə depozit pullarını da mənimsəyir. Şirkətin "Ağdağ” Müasir Gips Zavodunun sabiq işçisi Namiq Əsgərov da E.Bəşirovun qurbanlarından olub. Şirkət rəhbərliyi onun məvacibinin bir hissəsini (təxminən 500 manat) və Əmək Kitabçasını verməkdən imtina edib. Şirkətin başqa bir sabiq işçisi Zamin Bəkirov da zorakılığa məruz qalıb. Z.Bəkirovu "Mətanət A” şirkətinin vitse-prezidenti Fuad Bəşirov aldadıb, maaşını kəsib və hətta avtomobilini də əlindən alıb. Mənbənin məlumatına görə, "Mətanət A” şirkətlər qrupunun sahibləri olan Bəşirov qardaşlarının general Bəylər Əyyubovla qohumluq əlaqələri var. Bəşirov qardaşları da bu amilə arxalanaraq ən müxtəlif qanunsuzluqlara imza atır. Bəzi məlumatlara görə isə, "Mətanət A” şirkətini generalın özü himayə edir. F.Bəşirov isə "Azərbaycan” qəzetinə müsahibəsində bu məqamların heç birinə aydınlıq gətirməyərək ancaq uğurlu layihələrindən danışıb. Bununla da şirkət mediada onun haqda gedən neqativ yazılara etinasız yanaşdığını nümayiş etdirib. Başqa bir qənaət isə budur ki, mediada açıqlanan neqativ faktların həqiqət yükü yüksək olduğundan "uğurlu sahibkarlar” susmağa üstünlük verib. Neqativ fonu aradan qaldırmaq üçünsə rəsmi dövlət qəzetlərində özlərini tərifləməklə məşğul olurlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?