“Kaspar”ın sabiq rəisi Aydın Bəşirovun yaxın qohumu, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov yaxınlarda vəzifəsi ilə vidalaşmalı olacaq.
Xəzər Dəniz Gəmiçiliyi QSC-dən “Axar.az”a verilən məlumata görə, Aydın Bəşirovun istefaya göndərilməsindən və onun fəaliyyətinin təftişinə başlanılandan sonra sabiq rəisin rəhbəri olduğu idarədə vəzifə tutan qohumlarının karyerası da sual altına düşüb. Mənbə bildirir ki, vəzifəli şəxsin yaxın qohumunun tabeçiliyində olduğu idarədə işləməsinə qadağa qoyulması ilə bağlı qanunun tələblərini pozan A.Bəşirovun bu addımı ona əlavə problemlərin yaranmasına səbəb olub.
Qaynaq bildirir ki, rektor Rasim Bəşirovun oğlu, Aydın Bəşirovun qardaşı nəvəsi 27 yaşlı Cavad Bəşirov Donanmanın İstismar xidmətinin rəis müavini, Aydın Bəşirovun böyük oğlu Ağaəmi Bəşirov isə İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktorudur: “Həmçinin A.Bəşirovun bacısı oğlunun qayınatası Firudin Ömərov idarədə Kadrlar idarəsinin rəis müavini, kürəkəni Ağamirzə Məlikrzayev isə donanmanın İstilik Texnikası şöbəsinin müdiri vəzifəsində çalışır. Gəmilərin Yanacaqla Təminetmə və Donanmanın Texniki Təchizat Bazasının rəhbəri Aydın Bəşirovun bacısı oğlu Ramazan Ağaverdiyevdir. Hazırda onların fəaliyyəti dondurulmuş vəziyyətdədir və yoxlamaların nəticəsindən asılı olaraq, onlarla bağlı qərar veriləcək”, - deyə mənbə qeyd edir.
Təəssüf ki, A.Bəşirov və qohumu olduqları bildirilən sözügedən şəxslərin münasibətini öyrənmək mümkün olmadı.
Sorğu
Yeni dizaynımız necədir?