Sonrakı iki gündə temperaturun tədricən yüksələcəyi gözlənilir
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin dekabrın 25-dən 26-na keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da dekabrın 25-dən 26-na keçən gecə havanın gecə və səhər əsasən şərq rayonlarında yağıntılı, dağlıq və dağətəyi rayonlarında qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcə isti olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Qeyd edək ki, dekabrın 26-sı gündüzdən hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gündə temperaturun tədricən yüksələcəyi, arabir güclənən cənub küləyinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?