Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu dəfə Qazaxdakı uşaq bağçalarında yoxlamalar aparıb.
Komitədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Qazax şəhəri, Bakı küçəsində yerləşən 1 saylı uşaq bağçası-körpələr evində qidalanma ilə bağlı yoxlama aparılıb.
Araşdırma zamanı yeməklərin müvafiq qaydada təsdiq olunmuş texniki təlimat və reseptura olmadan hazırlandığı, anbarda mal qonşuluğuna və saxlanma şəraitinə riayət edilmədiyi bəlli olub. Məlum olub ki, tibb işçisi verilməsi nəzərdə tutulan yeməklərdən nümunə götürmür, yeməklərin kalorilik, zülal, yağ və karbohidrat miqdarını hesablamır. Yoxlama zamanı bağçanın yataq və mətbəx otaqlarının da gigiyenik tələblərə cavab vermədiyi aşkar edilib.
Qeyd edək ki, Bakı da daxil olmaqla Gəncə, Yevlax, Goranboy bağçalarında da yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkarlanıb. Yoxlamalar göstərir ki, dövlət uşaq bağçalarında vəziyyət bərbaddır. Uşaqlar normativlərə uyğun qidalanmır, infeksion xəstəliklərə yoluxma təhlükəsi ilə qarşı-qarşıyadır.
Amma qəribədir ki, bağçalarda aşkarlanan ciddi faktlara görə müəssisə rəhbərliyinə yalnız sadəcə xəbərdarlıq edilir. Ən azından verilən məlumatlarda hansısa bağça direktorunun və ya əməkdaşlarının işdən çıxarılması, cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı xəbər yer almır. Halbuki Dövlət Komitəsinin yaydığı rəsmi məlumatlarda azyaşlıların həyatını riskə atan durumun yaranmasından söz açılır. Belə vəziyyətin yaranmasına isə təbii ki, nə daş-divar, nə də tutalım, hansısa restoranın dam örtüyü yox, konkret, canlı, məsul şəxslər səbəb olur. O şəxslər ki, məntiqlə də, qanunla da cəzalanmalıdır. Mövzuya qayıdacağıq...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?