Xəbər veridliyi kimi, dekabrın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə 8 ay əvvəl həbs olunan Osman İsayev, Sultan İsayev, Rauf Həsənli və Amil Şirəliyev barəsində məhkəmənin hökmündən apelyasiya şikayətinə baxılıb.
Məhkəmə ilə bağlı mətbuatda yazılar dərc edilib. “Azadlıq” qəzeti isə Bəylər Əyyubovun bacısı oğlan Osman İsayevin məhkəmədəki çıxışından maraqlı məqamları dərc edib. Həmin fikirləri diqqətinizə çatdırırıq:
Osman İsayev hökm oxunana qədər Azərbaycanda hökm sürən ədalətsizliyi, haqsızlığı qamçılamağa başladı.
O, hakimin hər cümləsinə “balalarından görəsən”, “inşallah, sizi də bu gün gözləyir”, “bu haqsızlığa görə tezliklə cəzanızı alacaqsınız” kimi replikalar verirdi. O, məhkəmələri ittiham edirdi ki, hakimlər “üzdəniraqlara”, “narkomanlara” göstərmədiyi qəddarlığı günahsız insanlara edir.
“Bizi niyə tutursunuz axı? Nə etmişik? Cinayət etsəm, həbsdə olsam, bir qram da əzab çəkmərəm. Kiminsə xoşuna Osman gəlmir deyə türmədə yatmalıyam. Belə hökmü verənin, verdirənin balası xoşbəxt olmayacaq, ya narkoman olub zəlil günə düşəcək, ya da...”.
Osmanın sərt replikaları yaxınlarını da narahat etməyə başladı. Onlar dəmir qəfəsə yaxınlaşıb onu sakitləşdirmək istəsələr də, “biz dövlət başçımıza inanırıq” kimi siyasi bəyanatlar versə də, Osman ovunmurdu: “Nə susmaq, nə qədər susmaq olar. Susa-susa bu günə düşməmişik? Nə qədər susaq axı? Niyə susmalıyam, cinayət etmişəm. Mən mənkəmə başlayandan demişdim ki, bu hakimlər ”bunnandı", ancaq mənə inanmadınız. Bunlarda guya prezidentə hörmət var. Onların vicdanı, prezidentə hörməti olsaydı hərəmizin işindən heç olmaya 6-7 ay çıxardı".
Osman replikalarında ölkədə 1937-ci il repressiya ab-havasının olduğunu bəyan etdi: “Azadlıq, demokratiya deyirlər. Budur demokratiya, budur azadlıq?! Günahsız insanları türməyə doldurmaqdır demokratiya. Bir zənglə adamları məhv edirlər. Biz Azərbaycanı orda-burda tanıtmaq üçün nələr etmişik? Bu nə münasibətdir bəs bizə? Lazım deyil, heç mənə belə ölkədə vətəndaş olmaq. Mən bu vətəndaşlıqdan da imtina edirəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?