Saytmıza danışan «Gündəm Xəbər» qəzetinin təsisçisi Şirin Cəfəri bildirib ki, qəzetin 24 dekabr tarixli sayında Ucar rayon qaz istismar idarəsinin rəisi Elşən Hüseynovla bağlı məlumat yer alıb. Xəbərdə qeyd olunur ki, idarə rəisi ilə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov arasında bir borc qalmaqalı var.
Onu da bildirək ki, bu barədə dövrü mətbuatda da yetərincə yazılıb və «Gündəm Xəbərdə» ilk olaraq bu mövzuya toxunulmayıb.
Şirin Cəfəri açıqlamasında bildirir ki, onların redaksiyasına telefon açan və öüzünü qaz istismar idarəsinin rəisi Elşən Hüseynov kimi təqdim edən şəxs onlara hədə-qorxu gəlib: «Biz ona qarşı tərəf kimi, tərəflərdən biri kimi mövqeyini ifadə etməsini istəsək də, bu adam bizi rəsmən hədələdi. Bizi «sizinlə yazılmayan qanunlarla danışacam. Ayın 8-i gəlib, qruppanızı məhv edəcəm» deyərək hədələdi».
Şirin Cəfəri bildirdi ki, artıq bu olayla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etməyə hazırlaşırlar: «Hər halda, bir əyalət məmurunun özünü bu qədər arın-arxayın hiss edib, mətbuatın üzərinə gəlməsi birbaşa olaraq özbaşınalığın nəticəsi kimi qəbul olunmalıdır».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?