Məhərrəmkənd rayonunun icra başçısı Musaəfəndi Vəlimuradov Dağıstan Prezidenti Ramazan Abdulatipovun Cənub dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin edilib.
“Axar.az” bu barədə Dağıstan KİV-in yaydığı məlumata istinadən xəbər verir ki, 58 yaşlı Vəlimuradov 17 ildir adı çəkilən rayona rəhbərlik edir.
Sadvalçı mövqeyi ilə tanınan Vəlimuradovun rəhbərlik etdiyi rayon Azərbaycanla sərhəddə yerləşir. Məhz onun təşkilatçılığı ilə bu rayonda tez-tez Samur çayının bölünməsi, ləzgilərin hüquqlarının pozulması kimi bəhanələrlə Azərbaycan əleyhinə mitinqlər keçirilir.
Xatırladaq ki, bir qədər əvvəl Dağıstan Prezidenti Ramazan Abdulatipov respublikada çatışmazlıqları aradan qaldırmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə 4 dairənin yaradılacağını bildirmişdi. Məlumata görə, Dağıstan Şimal, Cənub, Şərq və Qərb regionlarına ayrılacaq, hər regionun da inzibati mərkəzi olacaq. Həmin regionlara isə Dağıstan Prezidentinin səlahiyyətli nümayəndələri rəhbərlik edəcək:
“Səlahiyyətli nümayəndə ya Baş nazirin müavini, ya da nazir səlahiyyətində olacaq. Onlar daha təcrübəli və nüfuzlu insanların arasından seçiləcək. Bu işdə təsadüfi adamlar olmayacaq”.
Dağıstanın Cənub regionunun administrativ mərkəzi isə Dərbənd seçilimişdi. Həmin ərəfədə Dağıstan Prezidenti Abdulatipov Cənub regionuna avar millətindən olan yaxın qohumu Səid Kazimaqomedovu təyin etmək istəyirdi. Bu təyinat isə Dərbənddə yaşayan soydaşlarımız üçün qəbuledilməz saylırdı. Dərbənddəki mənbələrdən aldığımız məlumata görə, onlar bir qədər əvvələdək Dağıstanın Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etmiş Məhəmməd Qurbanovun həmin vəzifəyə gətirilməsini istəyirlər. Məhəmməd Qurbanov Abdulatipov prezident təyin olunandan sonra Bakıdan geri çağırılmışdı və o, hazırda işsizdir. Kazimaqomedovun təyinatı barədə xəbərlər şəhərdə gərginlik yaratmışdı. Vəlimuradovun qəfil təyinatı isə soydaşlarımzı ümumiyyətlə şoka salıb. Dərbənddəki mənbələrdən aldığımız məlumata görə, bu təyinat azərbaycanlılara qarşı əməlli-başlı təxribat və onları aşağılamaqdır.
Sorğu
Yeni dizaynımız necədir?