Məhkumlar Şəkidəki penitensiar kompleksə aparılır Bakı və Bakıətrafı qəsəbələrdə yerləşən cəzaçəkmə müəssisələri sürətlə boşalır. Bu haqda “Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, məhkumlar Şəkidə yeni istifadəyə verilən cəzaçəkmə müəssisəsinə köçürülürlər. Bakıdan Şəkiyə köçürülən məhkumlar Şamaxı, Oğuz, İsmayıllı, Qəbələ, Qax, Zaqatala, Baləkən, Ağsu, Göyçay, Yevlax, Mingeçevir, Ucar və Kürdəmir rayonlarında qeydiyyatda olanlardır. İlkin mərhələdə köçürülmə könüllülük əsasında həyata keçirilir. Hazırda saxlanıldıqları müəssisələrin rəhbərliyinə ərizə ilə müraciət edən məhkumlar Şəkidəki penitensiar kompleksdəki cəzaçəkmə yerlərinə aparlırlar. Qeyd edək ki, Şəkidə yeni istifadəyə verilmiş müasir tipli penitensiar kompleksin tikintisinə 2005-ci ildə başlanıb. Müəssisədə 100 nəfər istintaq altında olan və 800 nəfər cəzaya məhkum olunmuş şəxslərin saxlanılması üçün hər cür şərait yaradılıb. 540 nəfər işçisi olan kompleks müxtəlif rejimli korpuslardan, istintaq təcridxanasından, inzibati binadan, məhkumların ailələri ilə uzunmüddətli görüş binasından, müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsindən və s. ibarətdir. Müəssisədə saxlanılan şəxslərin keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş yeməkxana inşa olunub. Camaşırxanada yeni avadanlıq, habelə kompleksin fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyaları və generatorlar quraşdırılıb, su anbarları, nasosxana qurulub. Kompleks ədliyyə naziri Fikrət Məmmədovun göstərişinə əsasən, 2013-cü il dekabrın 26-dan fəaliyyətə başlayıb.
Sorğu
Yeni dizaynımız necədir?