İsmayıllıda üzə duran polislərə qarşı ictimai qınaq kampaniyası başladı Sakinlər onlara salam verməmək, xeyir-şər məclislərinə getməmək qərarı veriblər
İsmayıllı olayları ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının təqsirləndirilən şəxslərin üzünə durması rayon ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Bununla bağlı rayonda ictimai qınaq kampaniyasına start verilib. AXCP İsmayıllı rayon şöbəsinin sədri Sadiq Umudlu “Azadlıq”a bildirib ki, hər kəs bu kampaniyaya qoşulmalıdır: “Bu insanlara salam verməmək, onların xeyr-şər məclislərində iştirak etməmək lazımdır. Çünki bu adamların əməli xəyanətdir. Əgər bunlar ictimai qınağa tuş gəlməsələr, sabah başqa adamlar da üzə durub insanları şərləməkdən çəkinməyəcəklər. Əgər bu gün biz onları durdurmasaq, sabah bu hadisələr hər birimizin başına gələ bilər, hər birimizin övladları bu adamlar tərəfindən şərlənə bilər. Ona görə də şəxsiyyəti olan hər kəs bu adamlara qarşı mübarizə aparmalıdır”.
İsmayıllı rayonunun Ağsaqqallar Birliyinin sədri, veteran Heybət Balayev bildirib ki, bu qınaq çoxdan olmalı idi: “Biz bu səhvi düzəltməliyik. Polisin şahidləri ifşa olunmalıdır”.
İsmayıllı sakinləri Əflatun Yusifov, Rəvan Xəlilov və Hikmət Musayev bildiriblər ki, polisin şahidlərinə qarşı münasibətləri pisdir. “Günahsız insanların üzünə durub, yalandan şahidlik edirlər”,- deyə sakinlər bildiriblər.
İsmayıllı olaylarına görə həbs edilən Səxavət Səmədovun anası Dilşad Səmədova isə deyib ki, onun oğlunu şərləyənləri bağışlaya bilmir: “Oğlum günahsız həbs edilib. Onun heç bir günahı yoxdur. Səhhətində də problem var. Şərləyib həbs ediblər. Yalançı şahidlər də üzünə durublar. Təbii ki, bu üzəduranlara münasibət yaxşı ola bilməz”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?