Milli Məclisin yaz sessiyasını işıqlandırmaq istəyən jurnalistlərin akkreditasiya məktubları üçün vaxt yanvarın 15-də bitib. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu akkreditasiya məktublarının sonrakı 5 gün müddətində araşdırılacağını bildirib: “Hazırda poçtda Milli Məclis Aparatı rəhbərinin adına yazılan məktublar var. Onlar da bizə daxil olduqdan sonra məktublara baxılacaq və nə qədər KİV-in müraciət etdiyini, onlardan neçəsinin qəzet, televiziya, radio, internet-media olduğunu biləcəyik”.
Daxili Nizamnaməyə əsasən, Milli Məclisin ilk iclası fevralın 1-də olmalıdır. A.Təvəkküloğlu bildirib ki, həmin gün şənbə gününə düşdüyü üçün iclasın vaxtı dəyişdirilə bilər: “Parlamentin ilk iclası bayram və istirahət günlərinə düşərsə, o zaman tarix növbəti günlərə salına bilər. Ona görə iclas həftənin 1-ci günü, fevralın 3-də keçirilə bilər. Lakin bununla bağlı hələlik qərar verilməyib”.
A.Təvəkküloğlu artıq dünəndən komitələrin öz işlərinə başladıqlarını bildirib. “Hazırda komitələr qanun layihələri üzərində işləyir, müzakirə edəcəyi və parlamentin yaz sessiyasına çıxarılacaq məsələləri müəyyənləşdirirlər və yaxın vaxtlarda komitələrin də iclasları başlayacaq”.
Sorğu
Yeni dizaynımız necədir?